Mingəçevirdə "Olimpiya Ümidləri" beynəlxalq karate turniri təşkil olunub.
Rekord.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyası və Avropa Karate Federasiyasının təqvim planına uyğun olaraq "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş tutub.
Turnirdə Azərbaycan, Türkiyə və Küveytdən ümumilikdə 300 idmançı uşaqlar, yeniyetmələr və gənclər arasında mübarizə aparıb. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, Küveyt isə üçüncü olub.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, 8-ci dan qara kəmər sahibi Füzuli Musayev çıxış edərək idmançıları salamlayıb, federasiya prezidenti Ülvi Quliyevin salam və təbriklərini iştirakçılara çatdırıb.
Füzuli Musayev qeyd edib ki, ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğı nəticəsində Azərbaycan dünya idman xəritəsində öz layiqli yerini tutub. "Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə idman siyasəti uğurla həyata keçirilir, müasir idman infrastrukturu yaradılır, beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edilir. Bu gün ölkəmiz təkcə regionda deyil, bütün dünyada idman ölkəsi kimi tanınır", - deyə vitse-prezident vurğulayıb.
O, III MDB Oyunlarının məhz Azərbaycanda keçirilməsinin dövlətimizin idman sahəsində qazandığı etimadın göstəricisi olduğunu xüsusi diqqətə çatdırıb:
"MDB məkanında belə mötəbər yarışa ev sahibliyi etmək Azərbaycanın idman ənənələrinin gücləndiyini, ölkəmizin beynəlxalq arenada nüfuzunun artdığını bir daha nümayiş etdirir. Bu həm də Azərbaycan gəncliyinə, idmançılarımıza verilən dəyərin bariz nümunəsidir".
Füzuli Musayev çıxışının sonunda bütün iştirakçıları mübarizədə fəal olmağa, ədalətli oyun prinsiplərinə sadiq qalmağa çağırıb və idmançılara uğurlar arzulayıb.
O həmçinin qeyd edib ki, bu turnir III MDB Oyunlarına hazırlıq məqsədilə test xarakteri daşıyıb. Təşkilat Komitəsi sınaq xarakteri daşıyan yarışın yüksək səviyyədə keçirilməsi üçün böyük zəhmət sərf edib və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.
Qalib və mükafatçılar federasiya tərəfindən xüsusi hazırlanmış medal və diplomlarla təltif olunublar. Yarışı beynəlxalq dərəcəli hakimlərlə yanaşı, respublika dərəcəli hakimlər də idarə ediblər. Ümumilikdə turnirdə 23 hakim fəaliyyət göstərib.