AZ

Sanksiyalar bərpa olundu, İran MAQATE ilə əlaqəni kəsdi - müharibənin bir addımlığındayıq...


Elşən Manafov: “Qərbin İrana münasibətdə mövqeyini yumşaltmaq istəməməsi rəsmi Tehranı onunla bu məsələdə...”

Avropa Birliyi ölkələrinin (Böyük Britaniya, Almaniya və Fransa) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək məqsədi daşıyan hərəkətləri səbəbindən İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əməkdaşlıq dayandırılacaq.

Bu barədə İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.

“Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlığına və böhranın həlli üzrə planların təqdim edilməsinə baxmayaraq, Avropa ölkələrinin hərəkətləri səbəbindən agentliklə əməkdaşlıq dayandırılacaq”, - Təhlükəsizlik Şurası bildirib.

Maraqlıdır, İran MAQATE ilə əməkdaşlığı dayandırdığı üçün bundan sonra nə gözlənilir? İranın MAQATE ilə əməkdaşlıqdan imtina etməsi o deməkdir ki, nüvə tədqiqatlarını davam etdirəcək. Bir sözlə, bundan sonra nə gözlənilir?

“Nüvə çalışmaları sahəsində tədqiqatları artıq MAQATE-nin nəzarəti olmadan...”

Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “BMT Təhlükəsizlik Şurasında İranın nüvə tədqiqatları ilə bağlı müzakirələr zamanı TŞ-nin 9 üzvi, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, Danimarka və digərləri İrana təzyiq vasitəsilə sanksiyaların tətbiqi ilə bağlı qərarı dəstəkləməklə, rəsmi Tehranı MAQATE ilə münasibətlərə yenidən baxmağa sövq ediblər. Təhlükəsizlik Şurasının üzvlərindən Rusiya, Çin, Pakistan və Əlcəzair məlum qətnamənin əleyhinə çıxsalar da, səs üstünlüyü ilə qətnamə qəbul olunub. Rusiyanın BMT TŞ-dakı təmsilçisi Vasili Nebenzya İranın nüvə çalışmaları ətrafında dinc məqsədlərlə tədqiqatları aparmaq hüququnun olduğu fikrini bildirsə də, kollektiv Qərbin İrana münasibətdə mövqeyini yumşaltmaq istəməməsi rəsmi Tehranı onunla bu məsələdə münasibətləri təhdid müstəvisində qurmağa üstünlük verən Qərbə özünün suveren hüquqlarının olduğunu qabartmaq məcburiyyətində qoyur. Rəsmi Tehran Qərbin sanksiyaları yumşaltmaq və ya onlardan ümumiyyətlə imtina etməsi müqabilində nüvə çalışmaları sahəsində MAQATE ilə əməkdaşlığa həmişə hazır olduğunu bildirib. Nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnun onun suveren hüququ olduğunu bildirən İranın bu mövqeyinə Qərb dövlətləri İsrailin təhdidi ilə etimadsızlıqla yanaşıb. Bu isə İranın Qərblə münasibətlərində bir qayda olaraq gərginliyin artmasına xidmət edir. İranla bu ilin yayında İsraillə yaşanan müharibənin konteksində ABŞ-ın ağır aviasiyasının İranın nüvə obyektlərini məhv etmək üçün keçirdiyi hücumlar göstərir ki, Qərb İrana etibar etmir. Nüvə gücündən məhrum etməklə ona Yaxın Şərqdə yeni dünya nizamı ilə bağlı şərtləri qəbul etdirmək istəyir. Halbuki, İranın MAQATE ilə əməkdaşlığı şəffaf olub. Çünki MAQATE-nin öz hesabatları göstərib ki, narahatlıq üçün əsas olmayıb. Bütün bunların müqabilində Qərbin İranın nüvə çalışmalarına bu sayaq münasibəti rəsmi Tehranı özünün enerji, habelə regional və dövlət təhlükəsizliyi ilə bağlı amillərdən çıxış edərək nüvə çalışmaları sahəsində tədqiqatları artıq MAQATE-nin nəzarəti olmadan aparmaq zərurəti qarşısında qoyacaq. Qərbin mövqeyində yumşalmalar müqabilində rəsmi Tehran özünün bu qərarına korrektələr etmək hüququnu özündə saxlayacaq”.

Vidadi ORDAHALLI

Seçilən
7
baki-xeber.com

1Mənbələr