Fransa bu gün Fələstin Dövlətini tanımağa hazırlaşdığı bir vaxtda ölkədəki 21 bələdiyyədə Fələstin bayrağı qaldırılıb.
"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuatda yer alan xəbərlərə görə, Fransanın bu gün Birləşmiş Millətlər Təşkilatı çərçivəsində keçirilən “Fələstin məsələsinə həll tapılması və iki dövlətli həllin həyata keçirilməsi” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransda Fələstin Dövlətini tanıma qərarını açıqlaması gözlənilərkən, hökumətin bu qərarını dəstəkləyən bələdiyyələrdə Fələstin bayrağı asılıb.
Fransada istefaya göndərilən hökumətin Daxili İşlər naziri Bruno Retaillo isə bu cür hərəkətin ictimai xidmət göstərən qurumların riayət etməli olduğu “neytrallıq prinsipinə” zidd olduğunu bildirərək, valilərə Fələstin bayrağı asacaq bələdiyyələri şikayət etmələri göstərişi verib.
Paris Bələdiyyə Başçısı Anne Hidalgo da Blueski sosial media platformasında Eyfel Qülləsinin fotosunu paylaşdığı açıqlamasında “Paris, Fələstin Dövlətinin tanınması üçün Fransa Prezidenti (Emmanuel Makron) tərəfindən BMT-yə təqdim edilən təşəbbüsü dəstəkləyir” ifadələrini işlədib.
İsrail və Fələstin bayraqlarının əks olunduğu Eyfel Qülləsi fotosu ilə birlikdə Hidalgo, sülhün iki dövlətli həll yolu ilə mümkün olduğuna inandıqlarını vurğulayıb.