AZ

"Hərbi bilet almağa görə 22 min manat verdim" - Dövlət Xidmətinin sabiq idarə rəisinin məhkəməsi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Cinayət işi üzrə şahid qismində tanınan Əhməd Əhmədov bildirib ki, hərbi xidmətdən azad olunması üçün 22 min manat pul verib:

“Mən magistr təhsili alırdım. Möhlətim noyabr ayında bitirdi. Lakin mənə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon Hərbi Komissarlığından zəng gəldi. Mən ora təhsil sənədimlə getdim. Sənədin etibarlı olmadığını dedilər. Mən də yoxlanışdan keçdim. Tibbi müayinə üçün əvvəlcə Sabunçu xəstəxanasına, sonra Qobuya getdim. Bu məsələni tanışım Abdulla Ələsgərova dedim. Abdulla mənə Ramin Şükürovla danışaraq məsələni həll edəcəyini bildirdi. Onunla birlikdə yenidən hərbi komissarlığa getdim. Ramin Şükürova ayağımda və belimdə problemin olduğunu dedim. Ramin Şükürov da mənim ayağıma və belimə baxdı. Sonra yenidən Sabunçuya və Qobuya müayinədən keçmək üçün getdim. İyun ayında mənə hərbi bilet verildi. Bileti aldıqdan sonra Abdullaya 22 min manat verdim”.

Daha sonra şahid qismində Araz Məmmədov ifadəsində deyib ki, qohumunun əsgərlik məsələsini 6 min manata həll ediblər.

Məhkəmə digır şahidlərin ifadəsi ilə oktyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Ramin Şükürov məhkəmənin qərarı ilə ev dusdalığına buraxılıb.

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

Seçilən
21
7
apa.az

8Mənbələr