Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycanın iqtisadi potensialı, Qərb ilə Şərq arasında yerləşməsi və hökumətin dünya iqtisadiyyatına inteqrasiya istiqamətində həyata keçirdiyi siyasət onu xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Azərbaycan investisiya üçün bütün zəruri şərtlərə malikdir.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Rəqbətlilik və davamlılıq” mövzusunda təşkil olunan panel iclasında çıxışı zamanı İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının baş direktoru İsmayıl Erşahin deyib.
Onun sözlərinə görə, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar və sabit iqtisadi siyasət burada biznes və uzunmüddətli əməkdaşlıq üçün unikal mühit formalaşdırır.
“Neft və qaz, tranzit, nəqliyyat sahələri üçün beynəlxalq əhəmiyyətə malik ifrasrtuktur yaradılıb. İstər xarici, istərsə də yerli investorlar bu infrastrukturlardan istifadə edərək sərmayə yatıra bilərlər. Azərbaycanda həyata keçirilən islahatlar, neft gəlirlərindən səmərəli istifadə buranı investisiyaların yatırılması üçün ən yaxşı ölkəyə çevirib. Çünki strateji mövqe, proqnozlaşdırıla bilən iqtisadi siyasət və zəngin resurs bazası harmonik şəkildə birləşərək biznesin inkişafı və davamlı tərəfdaşlıq üçün şərait yaradır”, - deyə İ.Erşahin vurğulayıb.
O qeyd edib ki, sülh prosesinin başlaması və ölkədaxili sabitlik investorlar üçün olduqca vacibdir: “Azərbaycan müstəqillik illərində dayanıqlı iqtisadi sistem qura bilib”.