AZ

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir

Bakı, 22 sentyabr, AZƏRTAC

Bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir.

Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergiödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.

Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergiödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil. Bazarların mülkiyyətçiləri tərəfindən oktyabrın 1-dən növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin uçota alınması təmin edilməlidir.

Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək, bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq.

Seçilən
19
40
azertag.az

10Mənbələr