AZ

Adnan Əhmədzadəni hansı cəza gözləyir?

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Bəs onu hansı cəza gözləyir?

Ucnoqta.az xəbər verir ki, hüquqşünas Əliməmməd Nuriyev Metbuat.az-a açıqlamasında bildirib ki, Adnan Əhmədzadə barəsində seçilmiş dörd aylıq həbs qətimkan tədbiri onun təqsirləndiyi maddələr üzrə istintaq aparıldığı dövrdə azadlıqda qalmasının istintaqa mane ola biləcəyi ehtimalı ilə bağlıdır. Bu cür qərarın seçilməsi həm də onu göstərir ki, ittihamlar ağır cinayətlərlə bağlıdır:

“Bu qərar onun birbaşa günahkar olduğunu ifadə etmir, yalnız istintaq dövründə həbsdə saxlanmasını təmin edir. Cəzanın növü və müddəti isə ona qarşı irəli sürülmüş maddələrdən asılı olacaq. Hazırda konkret olaraq hansı maddələr üzrə ittiham olunduğu açıqlanmayıb, lakin ümumi bəyanatlardan görünür ki, ittihamlar kifayət qədər ciddi xarakter daşıyır. Verilən məlumatlara əsasən, Adnan Əhmədzadənin ölkənin iqtisadi əsaslarına ziyan vurmaqda, xüsusilə də Azərbaycan neftinin ixrac prosesi zamanı ona zərərli maddələr qarışdırmaqda ittiham olunduğu bildirilir. Bu isə Azərbaycanın iqtisadi təhlükəsizliyinə ciddi zərər vurub. Eyni zamanda onun külli miqdarda dövlət əmlakını mənimsəməsi və səlahiyyətlərindən sui-istifadə etməsi barədə də iddialar səsləndirilir. Belə olan halda, o, ilk növbədə Cinayət Məcəlləsinin 179-cu maddəsi (külli miqdarda mənimsəmə və israf etmə) ilə məsuliyyətə cəlb oluna bilər. Həmin maddə üzrə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Həmçinin, irəli sürülən ittihamlar arasında 282-ci maddə (iqtisadi təhlükəsizliyi zəiflətmək məqsədilə təxribat) də ola bilər. Sözügedən maddədə mütəşəkkil dəstə tərəfindən törədildikdə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Ə.Nuriyev qeyd edib ki, bütün hallarda hansı maddələr üzrə işin məhkəməyə göndəriləcəyi istintaqın nəticələrindən sonra məlum olacaq:

“Yaxın günlərdə bununla bağlı dəqiq məlumatların verilməsi gözlənilir. Hazırki məlumata görə, iş iqtisadi xarakterli cinayətlər, mülkiyyətin mənimsənilməsi, korrupsiya və dövlət qulluğu əleyhinə cinayətlər, həmçinin rüşvətvermə və iqtisadi təhlükəsizliklə bağlı təxribat ittihamlarını əhatə edə bilər”.

Seçilən
0
2
ucnoqta.az

3Mənbələr