“Pfizer” əczaçılıq korporasiyası piylənmə və kardiometabolik xəstəliklərə qarşı dərmanların hazırlanması və istehsalı üzrə ixtisaslaşmış ABŞ biotexnologiya şirkəti “Metsera”nı aldığını elan edib. Şirkətlərin idarə heyətləri sövdələşməni yekdilliklə təsdiqləyiblər.
“Bloomberg”in məlumatına görə, bu razılaşma “Pfizer”ə “Metsera”nın MET-233i inyeksiya preparatının satışına çıxış imkanı verəcək. Məhdud klinik sınaqların nəticələrinə əsasən, inyeksiyalar xəstələrin 36 gün ərzində çəkilərinin 8.4%-ə qədərini azaltmasına kömək edib.
2024-cü ilin yekunlarına görə, piylənməyə qarşı dərmanların qlobal bazarı 30 milyard dolları ötüb, 2035-ci ilə qədər isə onun 150 milyard dollara çatacağı gözlənilir. “Piylənmə 200-dən çox xəstəliklə əlaqəli geniş və artan problemdir”, — deyə “Pfizer”in İdarə Heyətinin sədri və baş direktoru Albert Burla bildirib. “Metsera-nın alınması Pfizer-in bu mühüm sahəyə sərmayələrini yönləndirməsinə imkan verəcək”.