Azərbaycanda bu ilin yanvar-avqust aylarında 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır.
Modern.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu geriləmənin iqlim dəyişiklikləri ilə bağlı olduğunu bildirib:
"Bizim son bir neçə ildə apardığımız siyasət daha çox dəyər yaradan meyvəçiliyə fokuslanıb və bu il meyvə ixracı 40 %-dən çox artıb. Yəni, aqrar sektorda azalma zamanla düzələcək, sadəcə periodik keçidə ehtiyac var", - deyə o qeyd edib.
Nazir əlavə edib ki, buğda istehsalında məhsuldarlıq ciddi şəkildə artıb: "Biz bunu rəqəmlərdə görürük".
Qeyd edək ki, son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,5 % azalaraq 4 milyard 776 milyon manata düşüb, heyvandarlıq məhsullarının dəyəri isə 1,1 % artaraq 4 milyard 648 milyon manat təşkil edib. (Mənbə: report)