AZ

Telefon istifadəsinə gündəlik 2 saat məhdudiyyət təklif olunur -Bu ÖLKƏDƏ

Yaponiyanın Aichi prefekturasına aid Toyoake Bələdiyyəsi iş və məktəb vaxtlarından kənarda ağıllı telefon və videooyun konsolları da daxil olmaqla rəqəmsal cihazlardan istifadənin gündə maksimum 2 saatla məhdudlaşdırılmasını tövsiyə edən yeni qaydanı təsdiqləyib.

Redaktor.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, qərar şəhər sakinlərinin texnologiyadan həddən artıq istifadəsinin qarşısını almaq məqsədi daşıyır.

Bələdiyyə başçısı Kouki Masafumi bildirib ki, məhdudiyyət Yaponiyanın Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyinin sağlam yuxu ilə bağlı tövsiyələrinə uyğun hazırlanıb. Yeni qaydaya əsasən, həftə içi günlərdə telefon istifadəsi orta hesabla gündə 2 saatı keçməməlidir.

Qaydalarda, xüsusən 18 yaşdan kiçik uşaqlar üçün kifayət qədər yuxunun həm fiziki, həm də zehni inkişaf baxımından önəmli olduğu vurğulanır. Bu səbəbdən ibtidai sinif şagirdlərinə saat 21:00-dan, orta məktəb və yuxarı sinif şagirdlərinə isə 22:00-dan sonra telefon istifadəsini dayandırmaq tövsiyə olunur.

Bundan əlavə, valideynlərə evdə cihaz istifadəsinə dair qaydalar müəyyənləşdirmələri tövsiyə edilir. Bələdiyyə rəhbərliyi valideynlər üçün məsləhət və dəstək xidmətləri göstərən xüsusi sistemin qurulacağını da açıqlayıb.

Qayda 1 oktyabrdan qüvvəyə minəcək. Təkliflərə əməl etməyənlər üçün hər hansı cərimə və ya cəza nəzərdə tutulmur. Bu addım Yaponiyada texnoloji cihazların həddindən artıq istifadəsinin yuxu və ailə həyatına mənfi təsirlərinə diqqət çəkən ilk təşəbbüs kimi dəyərləndirilir.

Nuriyyə NATİQQIZI

Seçilən
17
redaktor.az

1Mənbələr