AZ

Orta dəhliz son dərəcə vacib multimodal ticarət arteriyasına çevrilməkdədir - Dünya Bankı

Orta dəhliz sürətlə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqaz vasitəsilə Şərqi Asiya ilə Avropanı birləşdirən son dərəcə vacib multimodal ticarət arteriyasına çevrilməkdədir.

Day.Az xəbər verir ki, bu barədə Dünya bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında danışıb.

"Orta dəhliz ənənəvi marşrutlara siyasi neytral və dayanıqlı alternativ təklif edir", - deyə o bildirib.

Roland Praysın sözlərinə görə, Orta dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatları üçün son dərəcə zəruridir:

"Mərkəzi Asiya üçün o dünya bazarlarına həyati əhəmiyyətli çıxışı təmin edir ki, bu region üçün son dərəcə önəmlidir, hərçənd o hal-hazırda dünya ticarətində kiçik paya sahibdir."

Dünya Bankının nümayəndəsi əlavə edib ki, strateji coğrafi mövqelərini nəzərə almaqla, Türkiyə və Cənubi Qafqaz ölkələri üçün bu dəhliz böyük əhəmiyyət kəsb edir.

"Ekspertlərin qeyd etdiyinə görə, proqnozlara əsasən, 2023-2040-cı illər ərzində ölkələrin Orta dəhliz üzrə ticarəti pul ifadəsində 150%, həcmi baxımından isə 60% artacaq. Orta dəhliz üzrə yükdaşımaların həcmi 2040-cı ilə qədər üç dəfə arta bilər, lakin dəmir yolu və liman infrastrukturundakı dar boğazlar diqqət tələb edən ciddi problemə çevrilir", -deyə R. Prays bildirib.

Seçilən
6
1
day.az

2Mənbələr