AZ

Amerikalı milyarder BYD-dəki bütün səhmlərini satdı

Müəllif:Mehin Qasımova,Banco.az

Uorren Baffetin investisiya şirkəti Berkshire Hathaway, Çinin elektrikli avtomobil istehsalçısı BYD-dəki bütün səhmlərini satıb.

Banco.az xəbər verir ki, bu addımdan sonra BYD-nin səhmləri Honq-Konq birjasında 3,6% ucuzlaşaraq ən pis performans göstərənlər arasında olub.

Berkshire Hathaway-in bütün paylarını satması şirkət tərəfindən də təsdiqlənib. Baffetin holdinqi ilk dəfə 2008-ci ilin sentyabrında BYD-yə sərmayə qoyaraq 225 milyon səhm almışdı və onları 15 ildən artıq müddətdə saxlamışdı. Bu müddət ərzində səhmlərin dəyəri 4500 faizdən çox artım göstərib.

Son illərdə "BYD" mobil telefon batareyası istehsalçısından Çinin ən iri elektrikli və hibrid avtomobil istehsalçısına çevrilib. Lakin Berkshire Hathaway 2022-ci ilin ortalarından etibarən paylarını azaltmağa başlamış, ötən il isə şirkətdəki iştirak payı 5%-dən aşağı düşmüşdü. Bu həddən sonra ABŞ şirkətinin Honq-Konq Birjasına satışlar barədə hesabat verməsi tələb olunmur.

Qeyd edək ki, BYD-nin səhmləri son dörd ayda tarixi maksimumdan təxminən 30% ucuzlaşıb. Buna səbəb kimi Çində davam edən sərt qiymət rəqabəti və şirkətin bazar mövqeyini qorumaqda çətinliklərlə üzləşməsi göstərilir.

Seçilən
27
banco.az

1Mənbələr