AZ

Sərnişinlər və daşıyıcılar üçün YENİ DÖVR: “Brutto müqaviləsi” sisteminin DETALLARI

“İctimai nəqliyyatda dayanıqlı maliyyələşdirmə mexanizmini yaratmaq məqsədilə “Brutto müqavilə” sistemi tətbiq ediləcək”.

Bunu Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanından irəli gələn məsələlərə həsr olunan brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

Bəs “Brutto müqaviləsi” sistemi nədir? Bu sistem daşıyıclar və sərnişinlər üçün nə vəd edir?

RAUF

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Musavat.com-a danışıb:

““Brutto müqaviləsi” sistemi ilk dəfə 1986-cı ildə London şəhərində tətbiq olunub. Bu sistem ictimai nəqliyyatın modernləşdirilməsi və fəaliyyətinin səmərəli təşkili üçün ən müasir yanaşmalardan biridir. Təəssüf ki, bu günə qədər mövcud sistemlər ictimai nəqliyyatın tam inkişafını təmin edə bilmirdi, çünki əməliyyat və digər maliyyə xərcləri böyük rol oynayırdı.
“Brutto müqaviləsi” sistemi isə daşıyıcıların qərar qəbul etməsini asanlaşdırır. Burada söhbət təbii qaz və elektriklə işləyən avtobus parkına sahib daşıyıcılardan gedir.

“Brutto müqaviləsi” sistemi tətbiq edildikdə bir neçə mühüm nəticə əldə olunacaq. Məsələn, bu sahənin riskləri azalacaq. Əvvəllər banklar ictimai nəqliyyat sahəsinə kredit verməkdə həvəsli deyildilər, çünki bu sahədə yetərincə problemlər var idi. İndi isə sərnişin ödənişi ilə yanaşı, dövlət də maliyyə dəstəyi göstərir və risk minimuma enir. Bu isə bankları daşıyıcılara aşağı faizlə kredit verməyə həvəsləndirəcək. Kreditlərin verilməsi ilə avtobus parkları daha sürətlə modernləşəcək.

“Brutto müqaviləsi” sistemi müxtəlif imkanlar yaradır və yaxın gələcəkdə dünyada olduğu kimi, Azərbaycan ictimai nəqliyyatında da təsdiq olunacaq. Bu sistem çərçivəsində sərnişinlər üçün güzəştli bilet paketləri, fərqli nəqliyyat növləri arasında keçidlər (metro, avtobus, dəmir yolu) 60-90 dəqiqəlik pulsuz keçidləri də əhatə edəcək.

İlkin olaraq, bu sistemdən düzgün istifadə edənlər üzərindən inteqrasiya prosesi başlana bilər. Bu, Azərbaycan ictimai nəqliyyatında inqilabi bir qərardır və sahəyə yeni bir inkişaf mərhələsi gətirir. Nəticədə ictimai nəqliyyat artıq cəlbedici bir biznes sahəsinə çevrilir”.

Xalidə Gəray
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr