AZ

"Sərhədləri açmağa hazırıq" - Rubinyan

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması proseslərinə toxunub.

"Unikal" xəbər verir ki, bu barədə o, NATO Parlament Assambleyasının 108-ci "Rose-Roth" Seminarının açılışı zamanı deyib. 

Onun sözlərinə görə, bu gün keçmişdəki münaqişələrə son qoymaq, sülh və qonşuluq şəraitində gələcək qurmaq üçün tarixi imkan var: "Bizim borcumuz bu fürsəti əldən verməmək və onu sabitlik və inkişaf reallığına çevirməkdir". 

Vaşinqtonda imzalanmış sənədlərə toxunan spiker müavini qeyd edib ki, sözügedən sənədlərdə kommunikasiyaların açılmasının zəruriliyi vurğulanır. O, Ermənistan ərazisində həyata keçiriləcək erməni-amerikan əməkdaşlığı çərçivəsində planlaşdırılan “Tramp yolu” layihəsini də xüsusi qeyd edib. Rubinyanın sözlərinə görə, bu təşəbbüs infrastruktur layihəsindən daha geniş əhəmiyyətə malikdir və bütün region üçün etimad və əməkdaşlıq körpüsünə çevrilə bilər.

Türkiyə ilə münasibətlərin normallaşmasından danışan Rubinyan bunun Ermənistanın xarici siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb: "Münasibətlərin normallaşması regionumuza təkcə sabitlik və firavanlıq gətirməyəcək, həm də qlobal təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək. Biz bu gün diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırıq". 

Ağarza Elçinoğlu

Seçilən
5
unikal.az

1Mənbələr