ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) 2027-ci il Fransa prezident seçkilərində sağçı siyasətçi Marin Le Penin müttəfiqlərinin qələbəsindən ehtiyat edərək, mümkün qədər tez yeni yeddiillik büdcə planını qəbul etməyə tələsir.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Fransada sağçı Milli Ralli partiyasının lideri Cordan Bardela və ya seçkilərdə iştirakına qadağa qoyulmuş Marin Le Pen hakimiyyətə gəlsə, yeni büdcə planının qəbulu pozula bilər. Partiyanın planlarına Fransanın Aİ büdcəsinə yardımını, eyni zamanda Ukraynaya hərbi yardımı azaltmaq daxildir.
Bu səbəbdən Avropa Şurası büdcə planını 2026-cı ilin sonuna kimi qəbul etməyə cəhd edəcək və bundan sonra Fransanın növbəti prezidenti ona təsir edə bilməyəcək.
Fransadan başqa, İspaniya və İtaliya kimi bir sıra digər Aİ ölkələrində də 2027-ci ildə seçkilərin keçirilməsi planlaşdırılır ki, bu da Aİ daxilində təklif olunan büdcə planının qəbul edilməyəcəyi ilə bağlı narahatlığı daha da artırır.
Avropa Şurasına sədrlik edən Danimarkanın tələsik texniki danışıqlara getdiyi və səsverməyə çıxarılan məsələlərlə tanış olmağa vaxt tapmayan digər ölkələrin məyusluğuna səbəb olduğu bildirilir. “2026-cı ilin dekabr ayı Avropa Şurasının divarları arasında isti vaxt olacaq”, – adı açıqlanmayan avropalı diplomat nəşrə qarşıdan gələn büdcə müzakirələri haqqında danışarkən deyib.
Martın 31-də Paris məhkəməsi parlament köməkçiləri işi üzrə Le Peni 4 il müddətinə azadlıqdan məhrum edib, onlardan ikisində elektron qolbaq taxmaq tələb olunacaq, digər iki il isə dayandırılıb. Məhkəmə həmçinin siyasətçini beş il müddətinə seçkili vəzifə tutmaq və seçkilərdə iştirak etmək hüququndan məhrum edib.
Bu tədbir, həbsdən fərqli olaraq, dərhal qüvvəyə minir və yalnız uğurlu müraciətdən sonra ləğv edilə bilər. Qərar təkcə deputat mandatlarına şamil edilmir.
Paris məhkəməsinin hökmü Le Penin 2027-ci ildə Fransa prezidentliyinə namizədliyini irəli sürməyi qadağan edib. Siyasətçi hökmü siyasi motivli adlandırıb və yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verib. Apellyasiya şikayətinə baxılması 2026-cı ilin yayında tamamlana bilər.
Aİ-nin 2028-2034-cü illər üçün büdcə təklifi iyulun 16-da Brüsseldə təqdim olunub. Onun ilkin həcmi 2 trilyon avrodur. Avropa Komissiyası bu büdcənin 100 milyard avro və ya 5%-nin Ukraynaya ayrıldığını açıqlayıb.
Bununla belə, Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, müxtəlif ekspert qruplarının fikrincə, büdcə vəsaitlərinin ən azı 20%-i Ukrayna məqsədləri üçün, o cümlədən onun Aİ-yə qəbul prosesinin maliyyələşdirilməsi üçün istifadə oluna bilər.
Budapeşt Brüsseli büdcə planını geri götürməyə və yenidən nəzərdən keçirməyə çağırıb. Bu məsələ ilə bağlı Aİ ölkələri arasında məsləhətləşmələr 2027-ci ilin sonuna qədər davam edə bilər. Planın qəbulu üçün cəmiyyətin bütün üzvlərinin razılığı tələb olunur.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.