AZ

“Saran çempion ola bilər, amma Koçu çox axtaracaqlar” MÜSAHİBƏ

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ötən gün Türkiyənin “Fənərbağça” klubunda prezident seçkiləri keçirilib. 

Seçkidə əsas mübarizə Ali Koç və Sadettin Saran arasında yaşanıb. Saran 12 min 325 səslə klubun yeni prezidenti seçilib. Sabiq klub rəhbəri Koç isə 12 min 68 səs toplayaraq məğlub olub.  Bəs bundan sonra “Fənərbağça”da nələr dəyişəcək? Sadettin Sarandan gözləntilər nələrdir?

Bununla bağlı “Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a müsahibə verib:

- Elçin bəy, Ali Koç nə üçün seçkidə məğlub oldu?

- Ali Koç “Fənərbağça” üçün ailə şirkətindən 100 milyon avroya yaxın pul xərclədi. Lakin naşı idarəçilik və futbol sahəsindəki insanların fəaliyyəti qənaətbəxş olmadı. Yəni dünya ulduzlarını transfer etməklə reklama qaçırdılar. Bütün bunlar göstər ki, adlar çox şeyi həll etmir. Düzgün strategiya meydanda öz nəticəsini göstərdi. 

Məncə, Ali Koçun ən böyük problemi ötən mövsümdən kənar müdaxilələrlə bağlı çox danışması idi. Hər oyundan sonra bəhanələr axtarır və hakimləri ittiham edirdi. Yəni günahı komandasında və oynanılan futbolda deyil, ancaq kənar amillərdə axtarırdı. Bu isə istər-istərməz cameənin etirazına səbəb oldu. 

- Sadettin Sarandan əsas gözləntilər nələrdir?

- Açığı, Sadettin Sarandan gözləntilər böyükdür. O, 7 illik Ali Koç dönəmini sonlandırdı. Əsas gözlənti isə təbii ki, klubun 11 illik çempionluq həsrətinə son qoymasıdır. Saran seçki ərəfəsində verdiyi iddialı vədlərlə azarkeşlərin dəstəyini qazandı. Lakin onun seçilməsinin əsas səbəbi Ali Koçun uğursuzluqları oldu.

Şəxsən mən də Ali Koçun uğursuz 7 ilinə görə Sadettin Saranın seçkidə qalib gələcəyini proqnozlaşdırırdım. Əslində, o, çox çətin bir dönəmdə “Fənərbağça”ya gəldi. Çünki artıq transferlər edilib və yeni baş məşqçi təyinatı gerçəkləşib. Maliyyə yükü çox yüksək olan futbolçular heyətə qatılıb. Ali Koç cibindən xərclədiyi pullarla bu transferləri həyata keçirdi. Artıq son Koçun kluba verdiyi pulları geri çəkmək istədiyinə dair iddialar yayılıb.

- Bəs mövcud vəziyyətdə Sadettin Saran nə edəcək?

- Saran ilk növbədə baş məşqçi Domeniko Tedesko ilə yola davam etməyi düşünmür. Düzdür, mətbuat qarşısında baş məşqçinin arxasında olduğunu deyir. Lakin türk futbolunda nə vaxt belə açıqlama verilirsə, məşqçi ilə yollar ayrılır. Bundan başqa, önümüzdəki dövrdə Saranın Koçdan uğursuz olma ehtimalı da var. S.Saran önəmli iş adamdır, ciddi sərmayəsi var, amma Koç ailəsi kimi güclü deyil. 

Qarşıdakı aylar ərzində komandada maaş böhranı yaşana bilər. Saranın maddi imkanları Koçla müqayisə oluna bilməz. Koç ailəsi Türkiyə iqtisadiyyatının yarısını təşkil edir. O, çox rahat şəkildə “Fənərbağça” üçün pullar xərcləyirdi. Saranın çox böyük holdinqləri var, ancaq Koç qədər güclü deyil. 

Bəlkə də bu maaş büdcəsini Saran təmin etməyə bilər. Çox yüksək məbləğlərdə imzalanmış uzunmüddətli müqavilələr var. Bəzi məqamlarda klub maddi çətinlik yaşayanda Koç ailəsi müdaxilə edirdi. Saran öz qazancını Koç kimi xərcləyə biləcəkmi? Bu, sual altındadır. Yəni klubda ciddi maliyyə problemləri yaşana bilər.

- Onda siz qış aylarında “Fənərbağça”da ayrılıqların olacağını düşünürsünüz?

- Bəli, qış aylarında çox ayrılıq yaşana bilər. Xüsusilə bəzi yüksək maaşlı futbolçuların komandadan göndərilməsi mümkündür. Əsas dəyişikliyin isə baş məşqçi ilə olacağını düşünürəm. Hesab edirəm ki, Tedesku dekabra qədər gedə bilər. 

Dünya səviyyəli mütəxəssinin gətiriləcəyi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Yeni baş məşqçi isə Aykut Kocaman olacaq. Yeni prezident Aykut Kocaman və Volkan Dəmirəli gətirəcək. Futbol onlara əmənət ediləcək. 

Onların uğurlu olacağını da düşünürəm. Çünki hər ikisi cameəni yaxından tanıyır. Uğurun formulu yerli məşqçidir. “Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor” ona görə yerli mütəxəssisə yönəlib. Yerli məşqçi həm meydanın daxilini, həm də xaricini yaxşı idarə edir. Legioner məşqçi isə məsələlələrə Avropa səviyyəsində yanaşır. 

- Ali Koç kluba rəhbərlik etdiyi 7 ildə də dünya səviyyəli futbolçuları heyətə qatdı. Maraqlıdır, Sadettin Saran da Ali Koç kimi dünya ulduzları transfer etməyə üstünlük verəcək?

- Mən Saranın dünya ulduzları transfer edəcəyinə inanmıram. Aykut Kocaman gətiriləcəyi təqdirdə, daha çox komanda oyunu oynayacaq və fayda verəcək futbolçular transfer ediləcək. Ulduzları transfer etmək üçün kifayət qədər ciddi vəsait lazımdır. Saranın da bu addımı atacağını zənn etmirəm.

- Saranın dönəmində İstanbul klubunda futbol cəhətdən əsas hansı dəyişikliklər gözlənilir?

- Saran dönəmində “Fənərbağça”da futbol cəhətdən hansısa dəyişiklik görməyəcəyik. Çünki Tedeskunun öz oyun planı var və onu icra etməyə çalışacaq. Saran isə davamlı hücum futbolu oynayan və rəqibi təzyiq altında saxlayan, oyunun taleyini ilk hissədə həll edən bir komanda qurmaq istəyir. Gələcəklə bağlı ən böyük arzusu budur. O, uğura acdır. Komandanın ayağa qalxması üçün çempionluğun mütləq olduğunu vurğulayır.

- Saranın bu mövsüm klubu çempion edə biləcəyini proqnozlaşdırırsınız?

- “Fənərbağça”nın bu mövsüm çempion olması çətin görünür. Lakin Sadettin Saran növbəti mövsümlərdə bu uğura nail ola bilər. Buna baxmayaraq, “Fənərbağça”nın maliyyə cəhətdən Ali Koçu çox axtaracağını düşünürəm.

Elmir Mustafa

“Cebheinfo.az”

Açar sözlər:

Fənərbağça Ali Koç Sadettin Saran

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr