Bakı, 22 sentyabr, AZƏRTAC
Nəticə fantastikdir. Bir neçə dəfə podiuma qalxmaq şansımız olub, amma bu, həmişəlik yaddaşımda qalacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Uilyams” komandasının direktoru Ceyms Voulz Karlos Saynzın üçüncü yeri tutduğu Azərbaycan Qran-Prisinin nəticələri barədə danışarkən deyib.
O, komanda olaraq bu nəticəyə layiq olduqlarını bildirib: “Son illərdə yaşamaq üçün mübarizə aparan, indi isə bu nəticəni qazanan bir komanda düşünün. Karlos fenomenal yarış keçirdi. Bunu əvvəldən sonadək izləmək böyük sevinc idi. Mən müsbət impulsun gücünə inanıram və bu, Karlosun gələcək inkişafı üçün əsl zəmin yaradır. Bəzən Aleksin də belə günləri olur. Onun böyük tempi var idi – bunu bütün həftəsonu müşahidə etdik. Lakin sıralama turunun əvvəlində baş verən hadisədən sonra vəziyyət çətinləşdi. Buna baxmayaraq, o, toparlanaraq xal qazanmağa yaxınlaşdı. Komandamızın göstərdiyi fədakarlıq doğrudan da inanılmazdır. Bu işə böyük enerji sərf edən bütün heyətimizə təşəkkür edirəm.”
Qeyd edək ki, Azərbaycan Qran-Prisində ən yaxşı nəticəyə “Red Bull” komandasının üzvü Maks Ferstappen imza atıb. Finişə birinci çatan sürücü Azərbaycan Qran-Prisinin qalibi olub. Corc Rassell (“Mercedes”) isə ikinci yerlə kifayətlənib.