AZ

Britaniya, Kanada və Avstraliya Fələstin dövlətini rəsmən tanıyıb

Ajans.az BBC-ə istinadən xəbər verir ki,günün ikinci yarısında Portuqaliya da Fələstini tanıdığını bəyan edərək, iki dövlətli həlli "ədalətli və davamlı sülhə aparan yeganə yol" adlandırıb. Fransa, Belçika, Lüksemburq və San Marino kimi digər Avropa ölkələrinin də yaxın günlərdə BMT Baş Assambleyasında bu təşəbbüsə qoşularaq Fələstin dövlətini tanıyacaqları gözlənilir. Bu, ABŞ-ın mövqeyi ilə ziddiyyət təşkil etsə də, İsrailin regionda təcridini daha da dərinləşdirə bilər. İsrailin Baş naziri Benyamin Netanyahu isə cavab olaraq sərt bəyanatla çıxış edib. O bildirib ki, "Fələstin dövlətinin olmayacağını" vəd edir və belə bir tanımanın "terrora mükafat" olduğunu qeyd edib:
"Oktyabrın 7-də baş verən dəhşətli hücumdan sonra bu qərarı verən liderlərə mesajım aydındır – siz terrora böyük mükafat verirsiniz. Bu addımlara cavabımız ABŞ-dan qayıtdıqdan sonra veriləcək", – deyə Netanyahu vurğulayıb. İsrail prezidenti İsaak Hersoq isə əlavə edib ki, Fələstin dövlətinin tanınması "nə bir fələstinliyə, nə də girovların azad olunmasına kömək edəcək" və bu qərarın “sülh axtaranlar üçün kədərli bir gün” olduğunu bildirib. Hazırda BMT-nin 140-dan çox üzv dövləti Fələstin dövlətini tanıyır. Son aylar ərzində bu rəqəm İsrailin Qəzzaya qarşı hərbi əməliyyatları fonunda artmaqdadır. Kanadanın Baş naziri Mark Karni bildirib ki, ölkəsi "həm Fələstin, həm də İsrail üçün dinc gələcəyin qurulmasında tərəfdaş olmağa hazırdır". Kanada rəsmiləri qeyd ediblər ki, Fələstin Administrasiyası zorakılıqdan imtina edib, İsraili tanıyıb və iki dövlətli həllə sadiqlik nümayiş etdirir. Böyük Britaniyanın Baş naziri Keir Starmer də verdiyi video bəyanatda bildirib:
“Yaxın Şərqdə artan dəhşət qarşısında biz sülhün mümkünlüyünü yaşatmaq üçün hərəkət edirik”. Starmerin rəhbərlik etdiyi hökumət daha əvvəl İsrailin müəyyən şərtlərə əməl etmədiyi halda Fələstini tanıyacağını açıqlamışdı. İsrail isə bu addımları qəzəblə qarşılayıb və bildirib ki, bu qərarlar 2023-cü ilin 7 oktyabrında HƏMAS tərəfindən həyata keçirilmiş və 1200-dən çox insanın həyatına son qoyan hücumlara haqq qazandırır. Qəzzada isə vəziyyət daha da pisləşməkdə davam edir. Yerli səhiyyə qurumlarının məlumatına görə, İsrailin hərbi əməliyyatları nəticəsində indiyədək 65,000-dən çox fələstinli həlak olub. Bir sıra beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri İsrailin hərbi kampaniyasını soyqırımı kimi qiymətləndirir. Rəsmi Təl-Əviv isə bu iddiaları qətiyyətlə rədd edir. BMT çərçivəsində Fələstinin tamhüquqlu üzvlüyü məsələsi isə hələlik açıq qalır. Təhlükəsizlik Şurasında belə bir qərarın qəbul olunması üçün 15 üzvdən 9-nun dəstəyi və daimi üzvlərdən heç birinin – o cümlədən ABŞ-ın – veto qoymaması tələb olunur. ABŞ-ın isə bu təşəbbüsə veto qoyacağı ehtimal edilir.

 

Seçilən
0
Ajans.az

1Mənbələr