AZ

Bakıda gecə klubunun fəaliyyəti dayandırıldı - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

News24.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31C ünvanında fəaliyyət göstərən “By Elnur Music Hall” gecə əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- obyekt tikinti norma və qaydalarının tələblərinə uyğun ehtiyat təxliyə çıxışı ilə təmin olunmayıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb, tavan hissəsi və daxili divarları yanar örtüklə üzlənilib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “By Elnur Music Hall” gecə əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.


Seçilən
30
29
news24.az

10Mənbələr