AZ

Kamran Əliyev: "Azərbaycan daim sülhün tərəfdarı olub"

"Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində minlərlə insan həlak olub, iqtisadiyyata, ətraf mühitə, tarix və mədəniyyət abidələrinə külli miqdarda ziyan vurulub. Bu faktlar istintaqı aparılmış və hazırda məhkəmə baxışında olan erməniəsilli şəxslərin təqsirləndirilməsinə dair cinayət işində də görünür".

 

Bunu baş prokuror Kamran Əliyev Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada prokurorluğun statusu" mövzusunda dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

Baş prokuror bildirib ki, Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə rəşadətli Azərbaycan Ordusunun Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı əks-hücumu ilə başlayan 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbə, eləcə də müharibədən sonra əzəli Azərbaycan torpağı olan Qarabağda fəaliyyət göstərən separatçı rejimə qarşı 19-20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilib və Azərbaycan dövlətinin suverenliyi tam bərpa edilməklə Konstitusiyamızın qüvvəsi bütün ölkə ərazisinə şamil edilib:

 

"Bunun tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunmaqdadır. İki gün bundan əvvəl bu tarixi və əlamətdar günü ölkəmizdə qeyd etdik".

 

Kamran Əliyev deyib ki, torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilməyə başlanıb, ağıllı kəndlər və şəhərlər salınıb, yeni iş yerləri, istehsalat, habelə təhsil müəssisələri, o cümlədən Xankəndi şəhərində Qarabağ Universiteti təsis edilib:

 

"Bu proses intensiv şəkildə davam etdirilməkdədir. Prezident tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində ümumilikdə 15 min nəfərdən çox keçmiş məcburi köçkün doğma torpaqlarına geri qayıdıb.

 

Qeyd edilən quruculuq və bərpa işləri heç bir xarici dövlətin və ya təşkilatın dəstəyi olmadan qüdrətli Azərbaycan dövlətinin hesabına həyata keçirilir. Təbii ki, ölkə rəhbəri tərəfindən aparılan siyasət, habelə ölkədə insan kapitalının düzgün idarə edilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı ildən-ilə inkişaf edir, neft ölkəsi olmasına baxmayaraq, qeyri-neft sənayesinin əhəmiyyətli inkişafı təmin edilir ki, təbii olaraq, bunun nəticəsində də cəmiyyətimiz inkişaf edir".

 

Baş prokuror, həmçinin Azərbaycanın daim sülhün tərəfdarı olduğunu deyib.

 

"Torpaqlarımızın işğal altında olduğu dövrdə də Azərbaycan daim məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərib, lakin BMT-nin Azərbaycan torpaqlarının işğalını tanıyan və onların qeyd-şərtsiz azad edilməsini müəyyən edən dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistan tərəfi işğal etdiyi torpaqları geri qaytarmayıb:

 

"Azərbaycan həmişə olduğu kimi, bu gün də sülhün tərəfdarıdır. Bu il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması məhz bunun bariz nümunəsidir. Bu sənəd təkcə iki dövlət arasında münasibətlərin yeni səhifəsi deyil, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin, habelə iqtisadiyyatın daha da inkişaf etdirilməsinin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir. Eyni zamanda, bu sənəd Azərbaycanın suverenliyinin dünya miqyasında tanınmasıdır", - deyə prokuror qeyd edib.

Tarix: 22 Sentyabr 2025, 11:57   
Seçilən
0
1
pravda.az

2Mənbələr