AZ

"Daşıyıcılar minimum resurs hesabına daha çox sərnişin daşımaq niyyəti güdürlər" - AYNA

Bakıda gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir. 27 avtobus daşıyıcısının yalnız 5-i ümumi avtobus parkının 58 faizinə sahibdir və istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir.

"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu il 200-dən çox avtobusun marşrut şəbəkəsinə daxil olması gözlənilir.

“İstər Bakı şəhəri, istərsə də ölkə ərazisində mövcud olan müntəzəm sərnişindaşımaları sərnişinlərdən gediş haqlarının yığılması şəklində sadə biznes modelə əsaslanıb. Belə olduğu təqdirdə, daşıyıcılar minimum resurs hesabına daha çox sərnişin daşımaq niyyətini güdürlər ki, bu da öz növbəsində hərəkət qrafiklərinə riayət olunması, avtobusların tutumundan istifadə ilə bağlı bir sıra problemlər yaradır. Bu hal daşımaların keyfiyyətini və etibarlığını çox aşağı salır. Sərnişinlər tərəfindən ödənilən gediş haqqının tənzimlənən tarif olduğunu da nəzərə alsaq, bu sadə biznes modelinin gəlirli olmaması aydındır. Belə ki, istər kiçik, istərsə də böyük avtobus daşıyıcılarının təqdim etdiyi sərnişindaşıma xidmətinə görə topladıqları gediş haqları onlara nə avtobusların istismar xərclərini qarşılamağa, nə də köhnələn və sıradan çıxan avtobus parkını yeniləməyə imkan verir”, - deyə o qeyd edib.

Anar Rzayev bildirib ki, avtobusla müntəzəm sərnişindaşıma xidmətinin səviyyəsinin aşağı düşməsi sərnişinlər tərəfindən ictimai nəqliyyat xidmətinə inamsızlıq yaradır, avtobusdan istifadə arzusunu aradan qaldırır, taksilərə və şəxsi nəqliyyat vasitələrinə üz tutmasına səbəb olur: “Nəticədə şəhər küçələrində şəxsi nəqliyyat vasitələrinin sayının artması və nəqliyyat sıxlığının yaranması müşahidə edilir”.

 

Seçilən
1
13
unikal.az

10Mənbələr