AZ

Bakıda forum keçirilir: Samir Şərifov vəd verdi, Emin Ağalarov təşəkkür etdi

Sentyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda mühüm iqtisadi tədbir öz işinə başlayıb.

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı, Avropa Evi - “Ambrosetti”nin strateji tərəfdaşlığı, “Euronews” və “Sea Breeze”in media dəstəyi ilə keçirilir.

Tədbirin rəsmi açılışında Prezidentin köməkçisi Şahmar Mövsümov forum iştirakçılarına dövlət başçısının müraciətini çatdırıb. Müraciətdə Azərbaycanın Şərq və Qərbin qovşağında yerləşən strateji mövqeyi, ölkənin dayanıqlı iqtisadi inkişafı və beynəlxalq sərmayədarlar üçün təqdim etdiyi imkanlar vurğulanıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir: "Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir".

Modern.az-ın məlumatına görə, iki gün davam edəcək forum regional əməkdaşlıq, yeni iqtisadi trendlər və investisiya perspektivlərinin müzakirəsi üçün unikal platforma təqdim edir.

Plenar iclaslar, panel sessiyalar və sərgilərdə iştirakçılar enerji, nəqliyyat və infrastruktur layihələrini, sənaye və kənd təsərrüfatında tərəfdaşlıqları, rəqəmsal transformasiya və səhiyyədə yenilikləri, yaşıl enerji və dayanıqlı inkişaf modellərini müzakirə edəcəklər.

Forumda çıxış edən Baş nazirin müavini Samir Şərifov Azərbaycanın güclü maliyyə bazasına və makroiqtisadi sabitliyinə diqqət yönəldib. O, beynəlxalq reytinq agentliklərinin ölkənin mövqeyini yüksəltməsini mühüm göstərici kimi dəyərləndirib və Azərbaycanın nəqliyyat, liman və rəqəmsal sahədə əldə etdiyi nailiyyətləri xüsusi qeyd edib. 

"Hökumət yanında Biznes Mühiti Komissiyasının sədri kimi əmin edirəm ki, ölkəmizə yönələn bütün sərmayələr dost və əlverişli mühitdə qorunacaq. Azərbaycan körpü rolunu davam etdirəcək və biz hamınızı bu gələcəyin qurulmasında iştirak etməyə dəvət edirik", - Samir Şərifov qeyd edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq imkanlarına toxunub. O, Azərbaycanın hazırda 14 ölkəyə qaz ixrac etdiyini, bərpaolunan enerji sahəsində də böyük potensialın olduğunu bildirib.

Forumun ilk günündə çıxış edən “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Azərbaycanda sərmayə üçün yaradılan əlverişli şəraitə diqqət çəkib. O, “Sea Breeze” layihəsinin inkişaf perspektivlərini vurğulayaraq, ölkəyə sərmayə yatırmağın böyük iqtisadi səmərə gətirəcəyini bildirib. "Mən ilk növbədə bütün strateji tərəfdaşlara təşəkkür etmək istəyirəm. Xüsusilə dəyərli Prezidentimizə təşəkkürümü bildirirəm, onun vizyonu və rəhbərliyi sayəsində bu tədbir mümkün olub", - Ağalarov qeyd edib.

Bakıda keçirilən bu beynəlxalq toplantı yalnız sərmayədarlar üçün deyil, həm də region üçün strateji əhəmiyyət kəsb edir. 

1463292

Seçilən
15
modern.az

1Mənbələr