AZ

“Azərbaycan beynəlxalq təhlükəsizlik əməkdaşlığında fəal rol oynayır” - POLİTOLOQ ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin Bakı Təhlükəsizlik Forumunun açılışında səsləndirdiyi fikirlər bir daha göstərir ki, sürətlə dəyişən qlobal şəraitdə beynəlxalq təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi müasir dövrün ən vacib zərurətlərindən biridir. Çünki geosiyasi ziddiyyətlərin dərinləşməsi, yeni münaqişə ocaqlarının yaranması, terrorçuluq, kiberhücumlar, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və silah qaçaqmalçılığı kimi transmilli təhdidlər ayrı-ayrı dövlətlərin deyil, bütün dünyanın birgə səylərini tələb edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, bu baxımdan təhlükəsizlik və kəşfiyyat orqanlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumu unikal format kimi çıxış edir və beynəlxalq əməkdaşlığın inkişafına real töhfə verir: "Azərbaycanın təşəbbüsü ilə təsis olunmuş bu Forum artıq etimad və əməkdaşlıq məkanı kimi qəbul edilir. Burada dünyanın müxtəlif regionlarından xüsusi xidmət orqanlarının rəhbərlərinin bir araya gəlməsi yalnız təcrübə mübadiləsi deyil, həm də qlobal xarakter daşıyan risklərin birgə dəyərləndirilməsi üçün mühüm imkan yaradır. Forumun institusionallaşdırılması - Təşkilat Komitəsi və Katibliyin yaradılması, Bəyannamənin qəbul olunması - bu prosesin davamlılığını təmin edən mühüm addımlar kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2025-ci ildə Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistan Birgə Bəyannaməsi regionda uzun illər davam edən münaqişəyə son qoyulması baxımından tarixi hadisədir. Bu sülh prosesi Cənubi Qafqazda yeni əməkdaşlıq formatının qurulmasına, qonşu ölkələr arasında etimadın və tərəfdaşlığın möhkəmlənməsinə imkan açır. Belə bir reallıqda Bakı Təhlükəsizlik Forumunun təşkili həm regional, həm də beynəlxalq təhlükəsizlik əməkdaşlığına əlavə dəyər qazandırır.

Şübhəsiz ki, bu təşəbbüslərin uğuru onların praktiki mexanizmlərə çevrilməsindən asılıdır. Forumun sadəcə müzakirə meydanı kimi deyil, konkret nəticələr verən əməkdaşlıq platformasına çevrilməsi üçün məlumat mübadiləsi, fövqəladə hallar üzrə koordinasiya, kiber təhlükəsizlik və digər istiqamətlərdə real əməkdaşlıq mexanizmləri işlənib hazırlanmalıdır. Bununla yanaşı, regional və qlobal güclərlə balanslaşdırılmış əməkdaşlıq və ictimai legitimliyin təmin olunması da mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışı və Bakı Təhlükəsizlik Forumunun davamlı təşkili göstərir ki, Azərbaycan regional sabitlik və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi prosesində fəal rol oynayır. Bu təşəbbüslər yalnız Cənubi Qafqazın deyil, eyni zamanda Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycanın dialoq və tərəfdaşlığa əsaslanan siyasəti isə daha təhlükəsiz gələcəyin qurulmasına mühüm töhfə kimi qiymətləndirilə bilər".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
5
1
sia.az

2Mənbələr