AZ

Zəngəzur dəhlizinin açılması yeni geosiyası reallıqlar fonunda strateji əhəmiyyətli məsələlərdəndir - Baş Prokuror

Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində minlərlə insan həlak olmuş, iqtisadiyyata, ətraf mühitə, tarix və mədəniyyət abidələrinə külli miqdarda ziyan vurulmuşdur.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Baş prpkuroru Kamran Əliyev "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Baş prokuror xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə rəşadətli Azərbaycan Ordusunun Ermənistan Respublikasının Silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış 44 günlük "Vətən" müharibəsində əldə edilmiş tarixi qələbə, eləcə də müharibədən sonra əzəli Azərbaycan torpağı olan Qarabağda fəaliyyət göstərən separatçı rejimə qarşı 19-20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən anti-terror əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilmiş və Azərbaycan dövlətinin suverenliyi tam bərpa edilməklə Konstitusiyamızın qüvvəsi bütün ölkə ərazisinə şamil edilmişdir.

Bunun tarixi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-i Dövlət Suverenliyi Günü kimi qeyd olunmaqdadır.

Torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilməyə başlanmış, ağıllı kəndlər və şəhərlər salınmış, yeni iş yerləri, istehsalat, habelə təhsil müəssisələri, o cümlədən Xankəndi şəhərində Qarabağ Universiteti təsis edilmişdir. Bu proses intensiv şəkildə davam etdirilməkdədir.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində ümumilikdə 15 min nəfərdən çox keçmiş məcburi köçkün doğma torpaqlarına geri qayıtmışdır.

Qeyd edilən quruculuq və bərpa işləri heç bir xarici dövlətin və ya təşkilatın dəstəyi olmadan qüdrətli Azərbaycan dövlətinin hesabına həyata keçirilir. Təbii ki, ölkə rəhbəri tərəfindən aparılan siyasət, habelə ölkədə insan kapitalının düzgün idarə edilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı ildən-ilə inkişaf edir, neft ölkəsi olmasına baxmayaraq qeyri-neft sənayəsinin əhəmiyyətli inkişafı təmin edilir ki, təbii olaraq bunun nəticəsində də cəmiyyətimiz inkişaf edir.

K.Əliyev bildirib ki, Azərbaycan daim sülhün tərəfdarı olmuşdur. Belə ki, torpaqlarımızın işğal altında olduğu dövrdə də daim məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərmiş, lakin BMT-in Azərbaycan torpaqlarının işğalını tanıyan və onların qeyd-şərtsiz azad edilməsini müəyyən edən 4 qətnaməsinin olmasına baxmayaraq Ermənistan tərəfi işğal etdiyi torpaqları geri qaytarmamışdır. Azərbaycan həmişə olduğu kimi bu gün də sülhün tərəfdarıdır. Bu il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması məhz bunun bariz nümunəsidir. Bu sənəd təkcə iki dövlət arasında münasibətlərin yeni səhifəsi deyil, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin, habelə iqtisadiyyatın daha da inkişaf etdirilməsinin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir. Eyni zamanda bu sənəd Azərbaycanın suverenliyinin dünya miqyasında tanınmasıdır.

Baş prokuror qeyd edib ki, yeni geosiyası reallıqlar fonunda strateji əhəmiyyətli məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək.

Seçilən
14
1
day.az

2Mənbələr