AZ

Xarici tələbə axını zəifləyir - kanada üçün xəbərdarlıq siqnalı

Kanada bu gün dünyanın ən cəlbedici təhsil mərkəzlərindən biri sayılır. Ölkənin universitetləri yüksək keyfiyyətli təhsil, təhlükəsiz mühit və çoxmədəniyyətli cəmiyyət təqdim edərək hər il yüz minlərlə gənci cəlb edir. Xüsusilə son on ildə xarici tələbələrin sayında sürətli artım müşahidə olunub.

Statistikaya görə, 2023-cü ildə Kanadada təhsil alan əcnəbi tələbələrin 41 faizi Hindistandan, 10 faizi Çindən, 5 faizi isə Filippindən olub. Bu göstəricilər bir tərəfdən ölkənin qlobal təhsil bazarında güclü mövqeyini göstərsə də, digər tərəfdən müəyyən risklər yaradır.

Bu mənzərə göstərir ki, Kanada universitetləri faktiki olaraq bir ölkəyə Hindistana söykənərək beynəlxalq təhsil bazarında iştirak edirlər.

Mark Miller ali məktəblərə müraciət edərək tələbələrin coğrafi müxtəlifliyini artırmağı vacib saydı:

“Yalnız bir ölkədən asılı qalmaq ali təhsil sistemini həssas edir və Kanadanın çoxmədəniyyətli imicinə zərbə vurur.”

Nazirin bu çağırışı universitetlərdə anlayışla qarşılanıb. Təhsil müəssisələri də qəbul edirlər ki, bir dövlət üzərində belə güclü asılılıq risklidir. Ancaq onların fikrincə, məsələni yalnız ali məktəblərin təşəbbüsü ilə həll etmək mümkün deyil.

Kanadanın təhsil uğuru əsasən xarici tələbələrin axınına bağlıdır. Amma bu uğurun davamlı olması üçün hökumət və universitetlər birgə siyasət yürütməlidir: vizaların sadələşdirilməsi, yeni regionlarda tanıtım kampaniyaları və tələbələrin yalnız iqtisadi fayda mənbəyi yox, kulturoloji dəyər kimi qəbul olunması vacibdir.

Hazırda isə vəziyyət dəyişir: Hindistandan gələn müraciətlərin sayı azalır, digər ölkələrdən də maraq zəifləyib. Bu isə həm maliyyə, həm də mədəni müxtəliflik baxımından Kanada universitetlərini çətinliklərlə üz-üzə qoyur.

Lakin təhsil mütəxəssisləri bildirirlər ki, problemin kökündə əsasən viza siyasəti dayanır. Hökumət viza problemlərini həll etmədən ali məktəblər yeni bazarlardan tələbə cəlb edə bilməyəcək. Universitetlərin əsas iradları hökumətin viza siyasəti ilə bağlıdır. Hazırda bir sıra ciddi problemlər mövcuddur:

Müraciətlərin ləngiməsi. Bir çox ölkələrdən gələn abituriyentlərin sənədləri aylarla işlənmir.

Avtomatlaşdırılmış sistemin nasazlığı. Tələblərə tam cavab verən gənclərin belə ərizələri texniki səbəblərlə rədd edilir.

Ümumi rədd göstəricisinin yüksəkliyi. Xüsusilə Afrika və Cənub-Şərqi Asiya ölkələrindən gəlmək istəyənlər üçün vizanı almaq böyük çətinliyə çevrilib.

Beləliklə, Kanada universitetləri həm maliyyə, həm də reputasiya baxımından risk altındadır.

Mütəxəssislərin tövsiyələri belədir:

Viza prosesləri sadələşdirilməli və sürətləndirilməlidir;

Afrika, Latın Amerikası və Yaxın Şərqdə təhsil tanıtımı gücləndirilməlidir;

Xarici tələbələr yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də ölkənin mədəni sərvəti kimi qiymətləndirilməlidir.

Kanada təhsil sistemi bu gün dönüş nöqtəsindədir. Hindistandan gələn minlərlə tələbə ölkənin ali məktəblərinə uğur qazandırıb. Ancaq bu uğurun davamlı olması üçün təhsil siyasəti daha balanslı olmalı, müxtəlif regionlardan tələbələr cəlb edilməlidir.Kanadanın beynəlxalq təhsil imicini qorumaq üçün hökumət və universitetlər arasında qarşılıqlı addımlar vacibdir. Əks halda, ölkənin çoxmədəniyyətli və açıq cəmiyyət obrazı zədələnə bilər.

 

 Təhsil eksperti Elmin Nəbiyev

Seçilən
1
azedu.az

1Mənbələr