AZ

Dünyanı gözləyən təhlükə: Azərbaycan hazırlığa başlamalıdır

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) “Qlobal su ehtiyatlarının vəziyyəti” adlı yeni hesabatını təqdim edib. Sənəddə vurğulanır ki, dünyada su dövranı getdikcə daha qeyri-müntəzəm xarakter alır, bu isə müxtəlif regionlarda daşqın və quraqlıqların artmasına səbəb olur. Hesabat su ehtiyatlarının insan həyatı, iqtisadiyyat və ekosistemlər üzərində artan təzyiq yaratdığını ortaya qoyur.

Məlumatda qeyd olunur ki, yaxın gələcəkdə su ehtiyatları ilə bağlı ciddi problem yarana bilər. Belə ki, iqlim dəyişmələri səbəbindən havalar isinir, bu isə dünyada həm içməli su, həm də ümumən su ehtiyatlarının azlaması ilə nəticələnir.

Bəs, bu hesabatda göstərilən qeyri-müntəzəm su dövranı Azərbaycana hansı formada təsir edə bilər?

Məsələ ilə bağlı News24.az-a danışan ekoloq Sadiq Həsənov bildirib ki, məlumatlar iqlim dəyişmələrinin artıq geri dönüşü olmayan bir mərhələyə qədəm qoyduğunu göstərir. 

Onun sözlərinə görə, 2024-cü il dünyada ən isti illərdən biri kimi tarixə düşüb və buzlaqların sürətlə əriməsi yaxın gələcəkdə içməli su ehtiyatlarının azalmasına gətirib çıxaracaq:

“2024-cü il dünya tarixində ən isti illərdən biri kimi qeyd olundu. Buzlaqlar sürətlə əridi və bu, yaxın gələcəkdə içməli su ehtiyatlarının azalması ilə nəticələnəcək. Dünyanın su ehtiyatlarının yalnız 2,5 faizi içməli suya aiddir, qalan hissəsi okeanlar və dənizlərdədir. İçməli su isə əsasən dağlarda, buzlaqlarda və dağ başındakı qar örtüyünün əriməsi nəticəsində formalaşır. Qarşıdakı illərdə, xüsusilə, Amazonda, Cənubi Amerikada və Afrikada iqlim daha da isti olacaq”.

Sadiq Həsənov Azərbaycan üçün də vəziyyətin kritik olduğunu vurğulayıb:

“Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatına malik ölkələrdən biridir. Regionun su ehtiyatlarının cəmi 10 faizi bizim ölkəyə məxsusdur. Hazırda su təminatımız 9-12 milyard kubmetr arasında dəyişir. Əsas su mənbələrimiz isə Kür və Araz çaylarıdır ki, onlar da transsərhəd çaylar hesab olunur. Bu səbəbdən su ehtiyatlarımızdan səmərəli və diqqətli istifadə etməliyik ki, gələcəkdə ciddi su qıtlığı ilə üzləşməyək".

O həmçinin əlavə edib ki, qlobal su ehtiyatlarının qeyri-bərabər paylanması, daşqın və quraqlıqların artması ölkələrin iqtisadiyyatına, kənd təsərrüfatına və insan yaşayışına birbaşa təsir göstərir. Buna görə də Azərbaycan su siyasətini daha strateji şəkildə planlaşdırmalı, su ehtiyatlarını qorumaq və səmərəli istifadə etmək üçün qabaqlayıcı tədbirlər görməlidir.

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
news24.az

2Mənbələr