AZ

Səməd Vəkilov: “Azərbaycan xalqı müstəqillik uğrunda mübarizəsini davam etdirir”

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov Azərbaycan Respublikasında Dövlət Suverenliyi günü ilə bağlı QHT.az-a açıqlamasında bildirib ki, 28 may 1918-ci il Şərqdə ilk demokratik Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının müstəqillik və azadlıq tarixində mühüm mərhələdir.

S.Vəkilov vurğulayıb ki, 1920-ci ildə rus bolşevikləri tərəfindən işğal baş vermiş, sonrakı 70 il ərzində Azərbaycan SSRİ çərçivəsində müstəmləkəçilik siyasətinə məruz qalmışdır:

“Azərbaycan xalqı bütün bu çətinliklərə baxmayaraq dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi bərpası, 1991-ci il avqustun 30-da Ali Sovetin qəbul etdiyi Bəyannamə və 18 oktyabr 1991-ci ildə Konstitusiya Aktının qəbul edilməsi müstəqillik mübarizəsinin tarixi nailiyyətlərindəndir".

Səməd Vəkilov əlavə edib: “Bu gün 28 May Azərbaycan xalqının dövlətçilik ənənələrinə və suverenliyinə hörmət günü kimi qeyd olunur. Dövlətimizin müstəqilliyi hər bir vətəndaş üçün qürur mənbəyidir.”

 

Pərvanə Fərhadqızı

Seçilən
0
qht.az

1Mənbələr