AZ

Nar xərçəngin altı növünə tutulma riskini azaldır - ARAŞDIRMA

Narın ekstraktı, yağı və şirəsi altı növ xərçəngin inkişaf riskini azaldır.

Beynəlxalq tədqiqat qrupuna daxil olan Svabi Universitetinin (Pakistan) alimləri müəyyən ediblər ki, narın meyvəsi, qabığı, yağı, ekstraktı və şirəsi xərçəngin bəzi növlərini - prostat, sidik kisəsi, döş, dəri, ağciyər və kolon xərçəngi riskini azalda bilər. Araşdırmanın nəticələri Food Science & Nutrition (FSN) jurnalında dərc olunub.

FED.az-ın xəbərinə görə, alimlər bildirir ki, narın proliferativ, şiş və iltihab əleyhinə xüsusiyyətlərində antioksidantlar əsas rol oynayır. Bunlara polifenollar, flavonoidlər və taninlər kimi faydalı maddələr daxildir. Onlar iltihabı azaldır, şiş meydana gəlməsinin qarşısını alır və xərçəng hüceyrələrinin böyüməsini ləngidir.

Bundan əlavə, alimlər narın müntəzəm istehlakının xərçəng metastazının - bədənin digər hissələrinə yayılmasının qarşısını ala biləcəyini vurğulayırlar. Nar həm də lif, mineral və vitaminlərlə zəngindir, eyni zamanda yağ və kalorisi azdır. Onu yemək xərçəng risk faktoru olan artıq çəki ilə mübarizə aparmağa kömək edə bilər.

Bəzi araşdırmalar narın tərkibində olan ellagitanninlərin Alzheimer və Parkinson xəstəliklərindən qoruya biləcəyini də göstərir. Bununla belə, nar hipertoniya üçün istifadə edilən dərmanlar da daxil olmaqla dərmanların effektivliyinə mane ola bilər, ona görə də bu məhsulu müxtəlif vəziyyətlər üçün əlavə terapiyanın bir hissəsi kimi istehlak edərkən ehtiyatlı olmaq lazımdır.

Seçilən
30
fed.az

1Mənbələr