AZ

Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikri tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, türkoloq-alim, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının birinci cildi “Elm və təhsil” nəşriyyatında yenidən işıq üzü görmüşdür.

Üç cilddə nəşri planlaşdırılan kitabın 1-ci cildində milli ideologiya problemi bütün aspektləri ilə tədqiqata cəlb edilmişdir. Burada öncə milli ideologiya ilə bağlı etnos, millət, milliyyət, xalq, milli mənəvi dəyər, milli ideya və digər anlayışların şərhləri veril­miş­dir. Eyni zamanda kitabda Azərbaycan xalqının formalaşması, etnogenezi, dini-fəlsəfi dünyagörüşü, dili, “Azərbaycan” sözünün tarixi-coğrafi və siyasi-ideoloji mənası geniş şəkildə tədqiq olunmuşdur.

İlk dəfə 2011-ci ildə yayınlanan bu kitabın təkrarnəşri ilə bağlı Faiq Ələkbərli mətbuata verdiyi açıqlamasında bildirib ki, “Milli ideologiya prob­le­mi­nə tarixi-fəlsəfi baxış” adlı kitablarının ilk iki cildini yenidən yayınlamaqla yanaşı, üstəlik üçüncü cildini də yazaraq bu mövzunu davam etdirmək fikri təsadüfən meydana çıxmamışdı: “Məqsədimiz milli ideyalarımızı (azərbaycançılıq, türkçülük) yer kürəsindətəqribən 60 milyona yaxın əhalidən ibarət Azərbaycan xalqına, Azərbaycan türklərinə, bütövlükdə 300 milyondan çox Türk xalqlarına həm yenidən çatdırmaq, təbliğ etmək, həm də dünyada və regionda baş verən mühüm dəyişikliklər fonunda Azərbaycan Respublikasının bölgənin və Türk Dövlətləri Təşkilatının (TDT) lider dövlətlərindən biri kimi əhəmiyyətini ortaya qoymaqdır. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni milli ideya axtarışı ilə bağlı tezisləri, o cümlədən Azərbaycanın dünyada yeganə ailəsinin Türk dünyasının, yəni Türk ailəsinin olması ilə bağlı mülahizəsi milli ideologiya probleminin bir daha aktuallığını ifadə etməkdədir”. Müəllif onu da qeyd edib ki, ilk iki cilddə milli ideologiya, milli ideya ilə bağlı hələ də aydınlığa qovuşmamış, mübahisəli qalan məsələləri 3-cü cilddə yenidən dəyərləndirib əsaslandırmağa çalışacaqdır.

Seçilən
2
3
turkustan.az

4Mənbələr