AZ

Şəhid Nicat Nəzərlinin anası: Oğlum şücaəti ilə Vətənimizi bütöv etdi

ain.az bildirir, Azertag portalına istinadən.

Lənkəran, 21 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC

19-20 sentyabr 2023-cü il...Cəmi 23 saat davam edən lokal antiterror əməliyyatı Azərbaycanın dövlət suverenliyinin tam bərpası kimi tarixə yazıldı.

AZƏRTAC xəbər verir ki, antiterror əməliyyatlarında Qarabağda yerləşən Ermənistanın qanunsuz silahlı birləşmələrinin və separatçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması zamanı gedən döyüşdə son nəfəsinədək vuruşaraq qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Nicat Nəzərlidir.

Nicat Mübariz oğlu Nəzərli 2004-cü il avqustun 22-də Lənkəran rayonu, Narbağı kəndində doğulub. 113 saylı Texniki Peşə Məktəbini bitirdikdən sonra Nicat ordu sıralarında xidmətə başlayıb. Vətəni canından əziz tutub, onu göz-bəbəyi kimi qoruyub. Nicat Nəzərli Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub.

Vətən sevdalı şəhidin anası İranə Nəzərova oğlundan qürurla danışıraq deyir ki, Nicatın hər sözünün əvvəli də, axırı da Vətən idi. Bayrağını, torpağını hədsiz dərəcədə çox sevirdi. Elə bu, ilahi sevgi Nicatı ən ali məqam olan şəhidlik zivəsinə ucaltdı: “Mən iki oğlumla da fəxr edirəm, başım ucadır. Çünki ikisi də öz vətənini, bayrağını sevən oğullardır. Deyərdim Nicat sən niyə bu qədər Vətəni sevirsən? deyərdi, ana, o vətəni mən sevməsəm kim sevər? Bu vətənin azadlığı, bütövlüyü uğurunda o qədər igidlərin qanı tökülüb. Bizim borcumuzdu bu vətəni qoruyaq və yağı düşməndən şəhidlərimizin qısasını alaq. Elə dediyi kimi də oldu, yağı düşmənə qalib gəlib ərazi bütövlüyümüzü təmin etdik, Nicat da ən alim məqama-şəhidlik zirvəsinə ucaldı. Mən onunla fəxr edirəm”.

Şəhidin atası Mübariz Nəzərov bildirib ki, Nicat çox vətənpərvər gənc olub. Onun üçün hər şeydən öndə Vətən gəlirdi. Hərbiçi olmaq isə oğlunun uşaqlıqdan ən böyük arzusu idi: “Oğullumla fəxr edirəm. Cismən yaşamasa da, o qəlbimdə məənən yaşayır. Xalqımız onu həmişə yaşadacaq. Hər zəng edəndə deyərdi ki, mən vətənim üçün xidmətə gəlmişəmsə layiqincə xidmət edəcəm, heç kimdən qorxmuram, məndən heç narahat olmayın. Her dəfə danışanda mənə deyirdi ki, hər şey yaxşı olacaq ata...”.

Şəhidin qardaşı Rövşən Nəzərli: “Mən XTQ-in tərkibində döyüşlərdə iştirak etdim. Qardaşım da məndən sonra antiterror əməliyyatında iştirak etdi. Bizim elə uşaqlıqdan arzumuz olub, vətən uğrunda, torpaq uğrunda vuruşaraq şəhid olmaq. Çünki şəhidliyin nə olduğunu bilmişik. Bizi vətənpərvər böyüdən valideynlərimizə təşəkkür edirəm”.

Ərazi bütövlüyümüzün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nicat Nəzərli ölümündən sonra ölkə başçısının müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr