AZ

TFF prezidentindən hakimlə bağlı şok açıqlama - ''həyatımda belə bir şey görməmişdim''

Türkiyə çempionatının 6-cı turunda ''Trabzonspor'' doğma meydanda ''Qaziantep''lə qarşılaşdı.

Trabzon təmsilçisi favorit sayılsa da, sonda 1 xala sevinməli oldu. Fasiləyə geridə yollanan meydan sahibləri ikinci hissənin ortalarında Pol Onuaçu ilə məğlubiyyətdən qurtuldular və oyun 1:1 hesabı ilə bitdi.

Maraqlıdı ki, yeni transfer olunan qapıçı Andre Onana ilk ev oyununda aktivinə məhsuldar ötürmə yazdı. Oyunun 65-ci dəqiqəsində hesab 0:1 olarkən hakim Arda Kardeşler ''Trabzonspor'' camiəsini cin atına mindirən bir qərar qəbul etdi.

Meydanın mərkəzində qayda pozuntusundan sonra trabzonlular dərhal oyuna başladılar və top sağ cinahda tək olan oyunçuya ötürüldü. Hakim əvvəlcə oyunu davam etdirsə də, sanki hücumun çox təhlükəli olduğunu anladıqdan sonra fitini səsləndirdi. Və topun yenidən həmin yerdən oyuna daxil edilməsini istədi.

Oyundan sonra ''Trabzonspor'' prezidenti Ərtuğrul Doğan ''bu saatdan sonra bu hakimin karyerasını davam etdirmək ehtimalı qalmayıb. Bu gün onun hakimliyi rəsmən bitdi. Federasiya prezidentinin lazım olanı edəcəyini düşünürəm. Artıq bu qədər yetər. Bu şəxsin bir daha Türkiyə futbolunda yer almasına imkan verilməməlidi'' ifadələrini işlətdi.

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu da məsələyə biganə qalmayaraq sərt açıqlamalar verdi. Onun sözlərindən belə başa düşmək olar ki, təcrübəli Arda Kardeşler ya uzun müddətli cəza alacaq, ya da hakimlikdən birdəfəlik kənarlaşdırılacaq:
''Son 40 ildə bu cür hakim səhvi görməmişəm. Hakimlər mənim qardaşlarımdı. Mən bu vəzifəyə gəldiyim gündən bəri hakim səhvlərini azaltmaq üçün əlimdən gələni edirəm. Ancaq bu dəfəki adi və göz yumulacaq bir səhv deyil. Belə epizodlarda top yanlış yerdən oyuna daxil edilirsə, hakim dərhal fitini səsləndirməlidi. Burda isə hakim oyunu davam etdirir və hər şeyin qaydalar çərçivəsində olduğuna işarə vurur. Ancaq hücumun çox təhlükəli olduğunu görən kimi fitini səsləndirir. Mən həyatımda belə bir şey görməmişdim. Bunun qarşılığı çox ağır olmalıdı. Arda Kardeşleri bazar ertəsi üçün federasiyaya dəvət etmişəm. Bunun qarşılığı nədisə, artıqlaması ilə edəcəyik. Bizim hədəfimiz şəffaf və ədalətli hakimliyə nail olmaqdı. Bu epizoda görə isə futbol camiəmizdən üzr istəyirəm. Gələn həftə yekun qərarı ictimaiyyətə açıqlayacağıq''.
Seçilən
7
1
football-plus.az

2Mənbələr