AZ

Yenə payız gəldi...

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Amma bu il də özünü bir az tez göstərdi. Astronomik təqvimə uyğunluğun son illərdə belə pozulması, şübhəsiz, insanların təbiətə vurduğu zərbələrin nəticəsidir.

Son illər yaz fəslinin xeyli ləngiməsi, payızın vaxtsız-vədəsiz gələrək yerini də qışa xeyli əvvəl verməsinə, sanki öyrəşmişik. Bu yaxınlarda bir ekoloq–professor dedi ki, daha 4 yox, 2 fəsil var– yay və qış. Bəli, təbiətə elə bir zərbə vurulub, atmosfer qatları elə məhv edilib ki, bütövlükdə planetin tarazlığı pozulub. Bunu artıq bütün canlılar öz üzərində hiss edir.

Ötən il Bakıda keçirilən COP 29-da da məhz bunlar ciddi müzakirə edildi, dünyanın aparıcı ölkələrinin qarşısında öhdəliklər qoyuldu, təbiəti çirkləndirmə əmsalına görə hər kəsin, hər bir dövlətin məsuliyyət daşıdığı bir daha vurğulandı. Artıq əhəmiyyətsiz saydığımız bir çox məsələ atom bombası kimi bəşəriyyəti təhdid edir. Məsələn, bir damla su, kəsilən bir ağac, ovlanan bir heyvan və s. bu “bir”lər milyona, milyarda çevrilib təbiətin çəkilməz yükünə çevrilir. Bu “bir”lərin həyatımıza təsirindən artıq qaçmaq mümkün deyildir.

Mən payızdan yazmaq istəyirəm... Qızılı payızdan, bütün sevgilərin beşiyi olan payızdan. Mən payızın məhsullu bağlarından, durnaların qatar-qatar isti ölkələrə köçməsindən, yarpaqların pıçıltısından yazmaq istəyirəm. Payız yağışları məni islatsın, payız günəşinin zərrin şəfəqləri saralmış yarpaqların arasında cilvələnsin. Mən də budaqlarında sincablar qaçışan ağacın altında oturum və bu əsrarəngiz mənzərəni seyr edim. Nə yazıq ki, yaza bilmirəm.

Yağış yağanda içimi qorxu hissi bürüyür, dağ çaylarının selindən, küləklərin qasırğasından, şimşəklərin haranısa dağıtmasından, yandırmasından qorxuram. Təbiət çox amansız olub. Bumeranq kimi ona edilənləri bizə qaytarır. Hər gün eşitdiyimiz qorxunc xəbərlər zamanında edilən xəbərdarlıqları qulaqardına vurmağımızın nəticəsidir.

Payız təbiətin bir möcüzəsidir. Payız rənglər dünyasıdır. Payız təbiətin “Sarı gəlini”dir. İstisi 40 dərəcəni ötən yaydan sonra payızın ilıq nəfəsinə necə ehtiyacımız var. Payız insanlığın ilham mənbəyidir. Təbiətin müdriklik çağıdır. Torpağın nəyə qadir olduğunun bir sübutudur. Payız, eyni zamanda vüsal çağıdır. Toy səsinə bürünən el-oba bu sevinci doyunca yaşayırdı.

Müdriklər ömrün ahıl çağını da payıza bənzədirlər. Payız təbiətin bar-bəhrə çağıdır. İnsan əkdiyini biçir, yaz-yay zəhmətinin əvəzini payızda birə-beş götürür. Mən genefondu dəyişdirilən meyvələrdən, tərəvəzlərdən yazmaq istəmirəm. Bunlar yalnız təbiətə vurulan ziyan deyil, bunlar insanlıq əleyhinə edilən cinayətlərdir.

Gəlin, təbiəti özümüzə qarşı çevirməyək, yaradanın yaratdığına az müdaxilə edək. Bəlkə də o halda özümüzü xilas edə bilərik, bəlkə də onda yayımız yay, qışımız da qış olar. Bir nazlı gəlin timsalında payızı sevək, bir oyanış, bir təravət timsalında baharı tərənnüm edək. Gec deyil, vallah gec deyil, təbiəti özünə qaytaraq, gələcəyin təməl daşlarını sökməyək.

Payıq sən gözəlsən, sən təravətlisən, hüsnünə nə yazılsa, azdır. Sənsiz həyat olmaz. 3 ay tabla payızım, əbədiyyən tabla.

Elmira MEHDİYEVA,jurnalistZaqatala

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
xalqqazeti.az

2Mənbələr