Fenomenal yaddaşa malik az insan var. Maraqlıdır, fenomenal yaddaş deyəndə nələr nəzərdə tutulur? Mütəxəssis, klinik psixoloq Mirşahin Əlizadə bu mövzuda maraqlı fikirlər səsləndirib.
Müsahibəni oxuculara təqdim edirik:
– Fenomenal yaddaş nədir? Bu anlayışı özümüzdə gündəlik həyatda necə tətbiq edə bilərikr?
– Fenomenal yaddaş təsəvvür edə bilməyəcəyimiz dərəcədə güclü yaddaşdır. Bəzən buna möcüzəvi yaddaş da deyilir. Əslində hər bir insan düşündüyündən daha çox informasiyanı yadda saxlaya bilir. Bu bacarıq işdə, dərslərdə və gündəlik həyatda daim faydalıdır. Yaddaş texnikaları vasitəsilə isə istənilən bilgini uzunmüddətli saxlamaq mümkündür.
– İnsan doğulanda dünyaya fenomenal yaddaşla gəlir, yoxsa bu bacarığı sonradan inkişaf etdirmək mümkündür?
– İnsan bütün bacarıqlarını potensial kimi doğulduğu andan daşıyır. Sadəcə onları inkişaf etdirmək lazımdır. Hər birimiz yaddaşımızı gücləndirə və müəyyən mənada fenomenal yaddaşa sahib ola bilərik.
– Effektiv öyrənmə üçün ən çox hansı yaddaş texnikaları işləyir?
– Ən çox effekt verən “fotoqrafik yaddaş texnikaları”dır. Yəni öyrəndiyimiz məlumatı görmə, eşitmə, iybilmə kimi duyğularla birləşdirərək zehində vizual şəkildə kodlamaq. İnsan öyrənmənin 90 faizini vizual yaddaş vasitəsilə edir, buna görə də bu üsul çox güclüdür.
– Bəs tələbələr imtahanlara hazırlaşarkən ən çox hansı yaddaş səhvlərini edirlər?
– Ən geniş yayılmış səhv son gün fasiləsiz oxumaqdır. Uzun müddət bir mövzunu səsli şəkildə təkrar edirlər, amma bu, həm məhsuldarlığı azaldır, həm də yaddaşa mənfi təsir göstərir. Beyin plansız və istirahətsiz yükləməni qəbul etmir.
– Yaddaşla öyrənmə arasında balansı necə saxlamaq olar?
– Məlumatın uzunmüddətli qalması üçün ona məna yükləmək lazımdır. Əzbərləmək kifayət deyil, başa düşmək vacibdir. Beynin necə işlədiyini öyrənəndə həm sürətli öyrənmək, həm də uzun müddət yadda saxlamaq mümkün olur.
– Texnologiyanın yaddaşa təsiri barədə nə düşünürsünüz?
– Texnologiya həm müsbət, həm də mənfi təsir göstərə bilər. Şüurlu istifadə olunanda faydalıdır, amma sosial şəbəkələrin və süni intellektin şüursuz istifadəsi yaddaşımızı zəiflədir və düşünmə qabiliyyətimizi azaldır.
– Fenomenal yaddaş iş, biznes aləmində hansı üstünlüklər yaradır?
– Çox böyük üstünlüklər verir. Məsələn, lider işçilərin adlarını və xüsusiyyətlərini unutmur, menecer layihə detallarını dəqiq xatırlayır, müəllim şagirdlərin fərqli tərəflərini unutmur, həkim isə pasiyentlərin tarixçəsini və tibbi terminləri tez yadına sala bilir.
– Yaddaşı gücləndirmək istəyən oxucular üçün evdə tətbiq edilə biləcək sadə üsullar hansılardır?
-Üç üsulu məsləhət görürəm: Xəyal qurmaq və gözündə canlandırmaq. Sürətli oxumağı öyrənmək. Oxuduğunu qeyd etmək və aktiv şəkildə öyrənmək.