AZ

Cənub bölgəsində yeni ekoloji layihə- FOTO

Cənub bölgəsində yerli gənclər üçün yeni bir ekoloji layihənin icrasına başlanıldı

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 20 sentyabr tarixində Lənkəran şəhərində “İqlim dəyişmələri və onun ətraf mühitə təsirlərinə dair maarifləndirmə” layihəsi ilə əlaqədar 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yarım günlük təlim kursu təşkil edilmişdir.

MAGİYA ictimai birliyindən Tribunainfo.az-a verilən məlumata görə Lənkəran Gənclər Evində keçirilən təlim kursunda Lənkəran rayonu üzrə 16-29 yaş arası 27 nəfər gənc olmaqla, 18 nəfər qız və 9 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa təlim kursunda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi xanım Ülkər Nağızadə, təlimçi qismində Azərbaycan Universitetinin Təlim-Tədris Mərkəzinin müdiri, beynəlxalq sertifikatlı təlimçi, doktorant Samir Salayev, ekspert qismində isə Lənkəran rayon Vəkil Bürosunun üzvü – vəkil Feyruz Əmənullayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.

Təlim kursunda işçi heyətlə iştirakçılar arasında iqlim dəyişmələri və onun ətraf mühitə təsirləri sahəsində bir çox mövzuların – “İqlim dəyişmələri, onun ətraf mühitə və cəmiyyətə təsirləri, Ətraf mühitin qorunması, meşə və su ehtiyatlarının mühafizəsi, Tullantılar və onların idarə olunması, Təbii sərvətlər, onların növləri, alternativ enerji mənbələri və Ekologiya hüququ: Ekoloji qanunvericilik – təbiətdən istifadə və təbiəti mühafizə” müzakirə olunmuş və aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təlim zamanı müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunmuşdur.

Təlimin sonunda bütün iştirakçılara sertifikatlar və üstündə layihə adı yazılmış, QHT Agentliyinin və təşkilatın loqosu üzərində olan qısaqol köynəklər təqdim edilmişdir.

Qeyd edək ki, 01 avqust – 31 oktyabr 2025-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi yerli gənclərin ekoloji şüur, ekoloji tərbiyə və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq onların iqlim dəyişmələri və onun ətraf mühitə təsirləri barədə regional miqyasda maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.

Əlavə edək ki, 16-29 yaş arası 25 nəfər gənc üçün növbəti yarım günlük təlim kursları 27.09.2025-ci il tarixində Masallı, 04.10.2025-ci il tarixində Astara, 11.10.2025-ci il tarixində isə Cəlilabad şəhərində təşkil olunacaqdır.

Seçilən
4
1
tribunainfo.az

2Mənbələr