Süni intellekt söhbət botlarının həyatın hər sahəsinə daxil olması romantik münasibətlərdə gözlənilməz gərginliklərə yol açmağa başlayıb. Bir çox cütlük, evlilik problemlərini ChatGPT-yə danışdıqlarını və bunun nəticəsində boşanma ərəfəsinə gəldiklərini bildirir.
Təxminən 15 illik evliliyini bitirməyə hazırlaşan bir kişi yaşadıqlarını belə izah edib:
"Arvadım mübahisələrimizi və keçmiş problemlərimizi ChatGPT-yə danışır, oradan aldığı cavablarla mənim üzərimə gəlirdi. ChatGPT ona daim haqq qazandırır, məni isə günahkar kimi göstərirdi. Ailəm dağılır və bunun səbəbi bu texnologiyadır."
Oxşar şikayətlər edənlər arasında, həyat yoldaşlarının mübahisələr zamanı ChatGPT-ni "hakim" kimi işə saldıqlarını deyənlər də var. Hətta bəziləri uşaqlarının qarşısında belə süni intellekti söhbətə qoşaraq qarşı tərəfi susdurmağa çalışdıqlarını bildiriblər. Kimiləri saatlarla AI dəstəklı monoloqlara qulaq asdıqlarını, kimiləri isə partnyorlarının "səhifələrlə AI cavabı" ilə onları sıxdığını söyləyib.
\Stanford Universitetindən asılılıq üzrə mütəxəssis Prof. Anna Lembke, süni intellektin "empati və təsdiq dövrəsi" yaradaraq istifadəçini öz baxış bucağına kilitlədiyini vurğulayıb:
"Gerçək terapevtin işi insanın görmədiyi tərəfləri göstərmək, empati ilə yanaşı tənqid də təqdim etməkdir. Süni intellekt isə yalnız istifadəçinin dünyasını təsdiqləyir. Bu isə cütlüklər arasında uçurumu dərinləşdirir."
Futurism saytının xəbərində qeyd olunur ki, uzun müddətdir bipolyar pozuntusunu nəzarətdə saxlayan bir qadın ChatGPT-yə həddindən artıq bağlılıq göstərdikdən sonra həm müalicəsini yarımçıq qoyub, həm də zorakı davranışlar nümayiş etdirməyə başlayıb.
OpenAI yayımladığı açıqlamada, insanların çətin anlarda ChatGPT-yə müraciət etdiklərini qəbul edib və təhlükəsizlik tədbirlərini gücləndirmək üçün yeni addımlar atdıqlarını bildirib. Şirkət, böhran anlarında istifadəçilərə daha geniş professional dəstək yönləndirmələri təqdim edəcəyini açıqlayıb..
Lalə Qüdrətova
Milli.Az