AZ

Adnan Əhmədzadənin həbsi... - Azərbaycanın “Zəncani presedenti”

Bu gün Azərbaycanda ən çox müzakirə olunan mövzu Adnan Əhmədzadənin həbsidir. Onun barəsində irəli sürülən ittihamlar daha çox korrupsiya hadisəsi deyil, sanki sistem daxilində ciddi silkələnmə təsiri bağışlayır. Əlbəttə, bu proses bir çox müşahidəçilərə və sosial şəbəkə istifadəçilərinə İranın məşhur oliqarxı Babək Zəncani işini də xatırladır.

Elə bu məqamda xatırladaq ki, Babək Zəncani illərlə İran dövlətinin “gizli iqtisadi mexanizmlərinin” önəmli siması olub. Bir zamanlar onun qara bazarda neft satışı və qızıl ticarəti sahəsində "fəaliyyəti" ölkənin beynəlxalq sanksiyalardan yan keçməsinə xidmət edirdi. Və əlbəttə ki, bu da illərdir sanksiyalar burulğanında boğulan İran üçün göydəndüşmə idi.

Amma zaman gəldi və Zəncaninin dövlətdən ən azı 3 milyard avro mənimsədiyi, şəxsi sərvətinin isə 12–13 milyard dollar olduğu iddia edildi.

Onun həbsi uzun sürən məhkəmə prosesləri ilə müşayiət olundu, hətta edam məsələsi də gündəmə gəldi. Lakin sonradan dövlətə borclarını ödədiyi üçün azadlığa buraxıldı. İndi isə ittihamların hədəfi bir vaxtlar onu həbs etdirən Ruhaniyə yönəlib.

Bu presedent göstərdi ki, korrupsiya yalnız maliyyə mənimsəməsi deyil, həm də siyasi konfiqurasiyanın dəyişməsi ilə də sıx bağlıdır. Amma Azərbaycanda belə bir təhlükə yoxdur.

Adnan Əhmədzadə dünənə qədər dövlətin ən güvənilən adamlarından biri hesab olunurdu. İndi isə ağır cinayətlərlə günahlandırılır, bəzi mənbələr hətta “Şimala uzanan izlərdən” belə danışırlar.

Ən diqqətçəkən fərq isə proseslərin inanılmaz dərəcədə sürətlə getməsidir. Zəncani işində illərlə çəkən məhkəmə təcrübəsi Əhmədzadə işinin çox sürətlə bitəcəyinə işarə edir: Saxlanılması barədə xəbər yayılan gün adamaittiham elan olunur və həbs edilir.

Oliqarxlar necə korrupsiya mexanizatorlarına çevrilirlər?

Qeyd edək ki, hər iki şəxs uzun müddət dövlət sisteminin “daxili etibarını” qazanan insanlar olublar. Zəncani qapalı həyatı sevsə də, Əhmədzadə instaqram ulduzu olub, dünyanın məşhur top qovanlarına (futbolçulara) bahalı hədiyyələri və yaxınlığı ilə tanınıb. Xanımı isə bahalı geyim və avtomobillərini, elitar görüşlərini çəkib paylaşmaqdan xüsusi həzz alıb. Xəzinə üstündə oturan dilənçi məmləkətin Məmmədhəsənləri isə Əhmədzadənin Messini Bakıya gətirməsini ölkəmizin tanıtımına verə biləcəyi töhvə ilə ovunublar.

Zəncani daha çox beynəlxalq neft və qızıl dövriyyəsi ilə məşğulolurdusa, Əhmədzadə isə
ilk əvvəl dövlətin neft strukturlarının birində (SOCAR) mühüm postlardan bir neçəsini tutmuş,oliqarxlaşandan sonra isə neftin xaricə satışından əldə olunan milyonların idarəçisinə çevrilmişdir. Onun daxili biznesi isə sanki "gözdən pərdə asmaq" üçün idi. Bu barədə başqa zamanda və yazıda daha geniş yazacağıq.

İndi Adnan Əhmədzadənin həbsi bir sıra mühüm məqamları da gündəmə gətirir.

Onlardan ən əsası etimad böhranıdır. Dünənə qədər dövlətə bağlı ən güclü fiqurların bu gün korrupsiya ilə ittiham olunması oliqarxiyayainamı sarsıdır. Eyni zamanda məsələnin təkcə daxili yox, həm də xarici müstəvidə izlərinin səsləndirilməsi ehtimalı ciddi problemlər yaradır.

Zəncani hadisəsi göstərmişdi ki, korrupsiya işləri əksər hallarda sadəcə məhkəmə qərarı ilə yekunlaşmır. Qəsb olunan milyonların geri qaytarılması və s. Əhmədzadənin həbsi də bu mənada Azərbaycanın “Zəncani presedenti” ola bilər.

Əlbəttə, proseslərin sürətli inkişafı cəmiyyətə təkcə maliyyə yox, həm də siyasi məna daşıyan mesaj verir: etibarın bir gündə etimadsızlığa çevrildiyi məqamda heç bir fiqur toxunulmaz deyil.

XəzərNews.az






Xəbər 5 dəfə oxunub.
Seçilən
50
37
xezernews.az

10Mənbələr