Fransa prezidenti Makron antisemitizmə sərt reaksiya göstərəcəyini açıqlayıb
Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətliyini tanıyacağını elan etməzdən əvvəl ölkədə antisemitizmin hər hansı təzahürlərinə sərt reaksiya göstərəcəyini bildirib.
AFN.az xəbər verir ki, Makron bu barədə X sosial şəbəkəsində yazıb. “Fransadakı yəhudi vətəndaşların narahatlığını bilirəm. Mən ədliyyə nazirindən prokurorlara antisemitizmə və onun yeni formalarına qarşı daha effektiv tədbirlər görməyi tapşırdım. İki şüar: tam ayıq-sayıqlıq və dərhal reaksiya – antisemit hərəkətlərdə günahkarları sərt cəzalandırmaq üçün” - deyə Fransa prezidenti qeyd edib.
O, həmçinin bildirib ki, Fransa 22 sentyabrda BMT-də Fələstinin tanınması ilə bağlı konfrans keçirəcək və yalnız Fransa deyil, əlavə doqquz dövlət də bu tanımanı elan edəcək.
Qeyd edək ki, Fransada bu qərara münasibət birmənalə deyil. Elabe sorğusuna görə, vətəndaşların 53%-i tanınmanı dəstəkləsə də, 47%-i Makronun niyyətini düzgün hesab etmir. Fransız İctimai Rəy İnstitutunun sorğusuna görə isə, vətəndaşların 71%-i Fələstin dövlətliyini HAMAS silahlılarını tərk etmədən və girovları azad etmədən tanımağın səhv olduğunu düşünür.