ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Britaniya gələn həftə BMT Baş Assambleyasının iclasından əvvəl Fələstini dövlət kimi tanıdığını elan etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, Fransa, Kanada, Avstraliya, Belçika və Malta da eyni addımı ata biləcək ölkələr sırasındadır.
Fransa və Britaniyanın qərarı qətiləşərsə, Fələstin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən dördünün dəstəyini qazanacaq. Qeyd edək ki, Çin və Rusiya artıq 1988-ci ildən Fələstini tanıyıb. Beləliklə, ABŞ bu məsələdə tək qalan yeganə daimi üzv olacaq.
Hazırda Fələstin dünyada 140-dan çox ölkə tərəfindən tanınır. Buraya Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Pakistan, Hindistan, İndoneziya, Malayziya və digər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvləri, Afrikanın demək olar ki, bütün ölkələri, Latın Amerikasından Braziliya, Argentina, Çili, Meksika, Venesuela, Kolumbiya daxil olmaqla regionun böyük hissəsi, Avropadan İsveç, Norveç, İspaniya, İrlandiya və Şərqi Avropanın əksər dövlətləri (Polşa, Macarıstan, Çexiya istisna olmaqla).
Fələstin BMT-də daimi müşahidəçi dövlət statusuna malikdir və bu, ona BMT iclaslarında iştirak imkanı yaradır, lakin səsvermə hüququ vermir.
Fələstinin tanınması əsasən simvolik addımdır. Bu, ərazidəki vəziyyəti dəyişməsə də, ciddi siyasi və mənəvi mesaj verir. Birləşmiş Krallığın keçmiş xarici işlər naziri Devid Lammi iyul ayında BMT-dəki çıxışında bildirib ki, “Britaniya iki dövlətli həll yolunu dəstəkləməkdə xüsusi tarixi məsuliyyət daşıyır”.
İki dövlətli həll konsepsiyası Fələstin dövlətinin Qərbi Şəriə və Qəzza zolağında, 1967-ci il sərhədlərinə əsasən yaradılmasını və paytaxtının Şərqi Qüds olmasını nəzərdə tutur. Lakin son illərdə bu plan dalana dirənib, İsrailin Qərbi Şəriədəki yaşayış məntəqələri isə prosesi faktiki olaraq dayandırıb.
İsrail Baş naziri Benyamin Netanyahu tanınma qərarlarını kəskin tənqid edərək bildirib ki, belə addımlar “HƏMAS-ın vəhşiliyini mükafatlandırır”. ABŞ da Böyük Britaniya və Fransanın planlarına qarşı çıxır və bunun danışıqları daha da çətinləşdirəcəyini hesab edir.
Elnur Əmirov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.