AZ

Kapitan Balabəyli Elcan yad edilib

Naxçıvanda “Vətənə xidmətə görə” ordenli, antiterror əməliyyatlarında şəhidlik zirvəsinə ucalan kapitan Balabəyli Elcan Vasif oğlunun xatirəsinə anım tədbiri keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsmayıl Gülməmmədov şəhid kapitanın xidmətlərindən danışaraq onun valideynlərinə ehtiramını bildirib.

Şəhid ailələrinin üzvləri və qonaqlar xatirələrini bölüşərək, yaxınlarını itirmiş ailəyə başsağlığı veriblər. Elcanın təhsil aldığı 15 nömrəli məktəbin şagirdləri şəhidə həsr olunmuş şeirlər səsləndiriblər. Sonda şəhidin məzarı ziyarət olunub, gül dəstələri düzülüb və ehsan süfrəsi açılıb.

Elcan Balabəyli 2014-cü ildə ali hərbi məktəbi bitirib, Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Vətən müharibəsində və 2022-ci ilin Qisas əməliyyatında iştirak edib. Füzulidən Şuşaya qədər döyüş yolu keçən qəhrəman zabit Prezidentin sərəncamları ilə bir sıra orden və medallara layiq görülüb.

Son döyüşünü isə 2023-cü il sentyabrın 19-da Qarabağda antiterror əməliyyatları zamanı aparıb və Ağdərə istiqamətində snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Ertəsi gün doğulduğu Naxçıvan şəhərində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin 7 noyabr 2023-cü il tarixli sərəncamları ilə kapitan Elcan Balabəyli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib.

Bəxtiyar ƏLİYEV, 
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Seçilən
4
herbiand.az

1Mənbələr