AZ

SON DƏQİQƏ! Oktyabrın 1-dən quru sərhədlər açılır?

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.

Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və iki ölkə arasında nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

MUCTEBA.jpg

"Sərhəd daşımaları və sərhədi keçmək üçün əlverişli şərait hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması və hərəkətin sadələşdirilməsi İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına və daha da möhkəmlənməsinə səbəb olacaq", - deyə Müctəba Dəmirçilu bildirib.

Xatırladaq ki, Azərbaycanda karantin rejimi oktyabrın 1-də başa çatacaq. Lakin bundan sonra ən çox müzakirə olunan sual sərhədlərlə bağlıdır: Oktyabrın 1-dən sonra qonşu ölkələrin də təkidli çağırışları nəzərə alınaraq, quru sərhədlərin açılması gündəmə gələ bilərmi?

HESRET.jpg

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb:

"Əlbəttə ki, qonşu ölkələrlə sərhədlərin açılması zərurəti var, amma Azərbaycan dövləti həm də daxili təhlükəsizliyi, bütövlükdə dövlətin təhlükəsizliyini ön plana çəkərək sərhədləri açmağa tələsmir. Mən düşünürəm ki, oktyabrın 1-dən sonra da sərhədlərin açılmasını gözləməməliyik. Çünki həm İranda, həm Rusiyada məsələlər, yəni gərginliklər hələ həllini tapmayıb. Üstəlik, bu payız üçün İsrailin İrana yenidən hücumları proqnozlaşdırılır. Belə bir şəraitdə Azərbaycan İranla sərhədləri tam olaraq aça bilməz və ya açması çətinlik yarada, əlavə gərginliyə səbəb ola bilər.

O baxımdan tələsməmək düzgündür. Amma bir şeyi də unutmamalıyıq ki, Arazın o tayında və bu tayında vahid Azərbaycan coğrafiyası yerləşir. Təbiidir ki, bu coğrafiyada yaşayan insanların hamısı türklərdir, azərbaycanlılardır. Onların bir-biri ilə gediş-gəlişi, ortaqlaşması və qaynayıb- qarışması vacibdir. O baxımdan sərhədlərin bəlkə də sərhədyanı bölgələr üçün açıla bilməsindən danışa bilərik.

Eyni yanaşmanı Dağıstanda Dərbənd və Gürcüstanda Borçalı üçün də tətbiq etmək olar ki, sərhədyanı ərazilərdə yaşayanlar quru sərhədlərdən rahat keçib gələ bilsinlər. Çünki buna ciddi zərurət var. Üstəlik, sərhədin o tayında və bu tayında insanlar qohum-qardaşdır, bir-birini tanıyır və yaxın münasibətləri var.

Yəni bu ehtimalı belə dəyərləndirmək olar, amma İran normal dövlət olsaydı, yəqin ki, biz sərhədləri çoxdan açmış olardıq. Fars molla rejimi isə Azərbaycanın bu xoşməramı üçün imkanlar tanımır. Getdikcə üstünə gəlirlər, böhtan atırlar, Azərbaycanda daxili sabitliyi pozmağa çalışırlar, öz missionerlərini bu və ya digər şəkildə səfərbər edib üstünə gəlirlər. Bütün bunlar varkən əlbəttə ki, Azərbaycan hələ İran sərhədinin tam güvənli olduğunu deyə bilməz".

Xalidə Gəray
Musavat.com

Seçilən
41
4
musavat.com

5Mənbələr