AZ

Azərbaycan Hərb Tarixinə Ağır İtki: Şəmistan Nəzirli vəfat edib

Azərbaycan

Bu gün Azərbaycan hərb tarixinin, publisistikasının və araşdırmaçılıq məktəbinin ən önəmli simalarından biri - Şəmistan Nəzirli dünyasını dəyişdi.Azərbaycan Üzeyir bəy Hacıbəyli ilə bağlı Qazaxda keçiriləcək tədbir üçün doğma elinə yollanan tanınmış hərb tarixçisi həmin tədbir zamanı qəfil vəfat edib. Sadəcə bir ay əvvəl – 12 avqustda Bakıda 83 illik yubileyi qeyd edilən Şəmistan müəllim, həmin məclisdə həm elmi irsinin tanınmasından, həm də dostlarının diqqətindən böyük sevinc hissi keçirmişdi. O gün onu “Könüllərimizin Generalı”, “Hərb Tariximizin Paşası” adlandırmışdılar. Əbəs yerə deyil – çünki Şəmistan Nəzirli Azərbaycan hərb tarixinin generallarından tutmuş, əsgərlərinə qədər minlərlə faktı, həyatı və sənədi gün işığına çıxaran bir tədqiqatçı idi. Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsi, “Qazax” Xeyriyyə İctimai Birliyi, Yazıçılar və Jurnalistlər birliklərindəki fəaliyyəti, 42 kitab və minlərlə məqaləsi ilə o, təkcə elm sahəsində deyil, milli yaddaşın qorunmasında da misilsiz xidmət göstərmişdi. Onun generallarımız – Əli Ağa Şıxlinski, Səməd bəy Mehmandarov, Hüseyn xan Naxçıvanski və başqaları haqqında yazdığı əsərlər sayəsində yeni nəsillər bu qəhrəmanları tanıdı. Şəmistan müəllim tədqiqatlarını sakit otaqlarda deyil, illərlə muzeylərdə, arxivlərdə, müxtəlif ölkələrdə apardığı zəhmətli araşdırmalarla ərsəyə gətirirdi. O, tariximizin toz basmış səhifələrinə can verən nadir qələm sahiblərindən idi.Onun qəfil vəfatı ictimaiyyət arasında dərin kədərə səbəb olub. “Qazax” Xeyriyyə İctimai Birliyi, tanınmış ziyalılar, alimlər və ictimai xadimlər ailəsinə başsağlığı verir, bu böyük itkini xalq üçün ağır bir boşluq kimi dəyərləndirirlər.Şəmistan Nəzirlinin nəşi bu saatlarda Qazaxdan Bakıya gətirilir. Dəfn hazırlıqları yaxınları və “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən təşkil olunur. Mərhumun dəfn yeri və saatı ilə bağlı əlavə məlumat veriləcək.Allah rəhmət eləsin.R.DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Dövlət Suverenliyi Günü – 20 Sentyabr

Çempionlar Liqasının ilk həftəsində oynanılan oyunların nəticələri

Azərbaycan Hərb Tarixinə Ağır İtki: Şəmistan Nəzirli vəfat edib

Seçilən
37
ulusum.az

1Mənbələr