AZ

"Azərbaycanın ərazi bütövlüyü, suverenliyi xalqımızın milli sərvətidir"

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunan unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan bu sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlanan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu il ilk dəfə olaraq ölkəmizin bütün ərazisində təntənəli şəkildə qeyd olunacaq Dövlət Suverenliyi Günü artıq yeni tarixin təqvimində rəsmi yerini alıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan taixi Qələbə və 2023-cü ildə rəşadətli Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi və dünya birliyi tərəfindən suveren dövlət kimi qəbul edildi. Bu gün xalqımız öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.


Manset.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitısinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi Azərbaycanın tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərdən, ərazisinin 20 faizinin işğala məruz qalmasınsdan, beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizlikdən, nüfuzlu təşkilatların, həmçinin bəzi ölkələrin qərəzli mövqeyindən söhbət acaraq deyib ki, bütün bu təhdid və təzyiqlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Hətta 1990-cı ildə azadlıq, müstəqillik, suverenlik arzusu ilə küçə və meydanlara çıxan əliyalın xalqımıza qarşı sovet rejimi tərəfindən törədilən qanlı faciə də mərd oğul və qızlarımızı bu yoldan çəkindirə bilmədi. Hər bir xalq üçün öz taleyini müəyyənləşdirmək, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir.

Tanınmış hüquqşünas 1989-cu il 23 sentyabr tarixində Azərbaycan SSR-in suverenliyi haqqında qanun qəbul edildiyini xatırladaraq deyib ki, də, bu qanun yalnız kağız üzərində qalmışdı. Azərbaycan yenə də keçmiş sovet qanunları ilə idarə olunur, Kremlin tapşırıqları qanundan irəli idi. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə yenə də köhnə sovet qanunları ilə idarə olunurdu. Ölkənin müstəqil Konstitusiyası, milli valyutası, qanunvericilik aktları yox idi. Respublikamız həm xarici, həm də daxili qüvvələrin təzyiqi altında idi. Ölkədə baş alıb gedən özbaşınalıq, ayrı-ayrı vəzifəli şəxslərə xidmət edən silahlı birləşmələr xalqı qorxu, xof içərisində saxlayırdı. Yalnız Ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişlərindən sonra siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda müstəqilliyin ab-havası hiss olunmağa başlandı. Ulu öndərin gərgin səyi nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Azərbaycanın tədricən beynəlxalq təşkilatlarla əməkdaşlığı möhkəmləndirildi və həmin təşkilatların üzü oldu.

Ç.Qənizadə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasından söhbət açaraq deyib ki, 2020-ci il noyabrın 10-da Ermənistan üzərindəki tarixi Qələbəmiz rəsmən təsdiqlənsə də, işğalçı ölkə öz qoşunlarını və qeyri-qanuni hərbi birləşmələrini Azərbaycan ərazisindən - Qarabağdan tam çıxarmayaraq yenə də təxribatlara davam edirdi: “2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş əməliyyat nəticəsində yenilməz Ordumuz qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Üç il sonra növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü tam bərpa edildi”.

Hüquq müdafiəçisi Dövlət Suverenliyi Gününün Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsası olduğunu bildirərək deyib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncamı müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətlidir və xüsusi yeri var: “Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Hazırda Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Bu gün Dövlət Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Seçilən
40
6
manset.az

7Mənbələr