Gecə kabuslarından qurtulmaq üçün narahatlıq hallarını aradan qaldırmaq, eləcə də yuxu gigiyenasına riayət etmək lazımdır.
Azreform.info xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya psixoterapevt Yuliya Romanenko danışıb.
Onun sözlərinə görə, təkrarlanan kabuslar narahatlıq pozuntusunun, posttravmatik stress pozuntusunun və ya digər problemlərin əlaməti ola bilər. Lakin ağır yuxular mütləq psixi xəstəliyin göstəricisi deyil. Kabusların səbəbi, xüsusən də həll olunmamış psixoloji məsələlər, boğulmuş emosiyalar və travmatik hadisələrin yuxuda əks-sədası ola bilər.
Digər mümkün səbəblər isə xroniki stress və narahatlıqdır. Hətta yatmazdan əvvəl qorxulu filmlərə və ya fəlakətlər barədə xəbərlərə baxmaq da kabusları tətikləyə bilər.
Kabuslarla işləmək üçün terapevt “yuxu gündəliyi” aparmağı tövsiyə edib. Burada yuxuların süjetləri qeyd olunmalı, insan isə onların real həyatda yaşanan təcrübələrlə əlaqəsini tapmağa çalışmalıdır. Ekspert həmçinin “ssenarini yenidən yazmaq” texnikasını məsləhət görüb: əgər kabus təkrarlanırsa, onun müsbət sonluğunu təsəvvür etmək lazımdır.
Vacibdir ki, yuxu gigiyenasına əməl edilsin: eyni saatda yatmaq, yatmazdan əvvəl qəhvə içməmək və ağır qida qəbul etməmək, otağı havalandırmaq. Yatmazdan əvvəl meditasiya və ya yüngül yoqa ilə məşğul olmaq da psixikanı rahatlaşdırır və narahatlığı azaldır.
Həmidə İbrahimova