Bu gцn Premyer Liqanın beşinci turu çərçivəsində keçiriləcək “Sabah” - “Turan Tovuz” qarşılaşmasının start fiti səbrsizliklə gözlənilir.
Bu gün “Bank Respublika Arena”da baş tutacaq görüş özlüyündə kifayət qədər ciddi maraq və intriqa daşıyır.
İntriqa qüvvədədir
Uzağa getməyib ötən mövsümü yada salmaq kifayətdir. Əvvəla ona görə ki, “tələbələr” ölkə kubokunun 1/8 final mərhələsində “Turan Tovuz” səddini adlayaraq finala qədər irəliləməyi bacarmışdı.
Bir oyundan ibarət duel Tovuzda baş tutmuş, əsas və əlavə vaxt 2:2 hesabı ilə başa çatmış, penalti zərbələrində dəqiqlik nümayiş etdirən qonaqlar sevinən tərəf olmuşdu. Həmin oyundan sonra Rusiya mətbuatı Vasili Berezutskinin təcrübəli Kurban Berdıyev üzərindəki qələbəni xüsusi şəkildə qabartmışdı.
Tovuzluların unutmadığı oyunlar, praqmatik futbolla kreativliyin dueli
Bu ilin fevralın 9-na təsadüf edən çempionat qarşılaşmasını da unutmaq olmaz. Bölgə təmsilçisi hesabı açmış, masazırlılar status-kvonu bərpa etmiş, baş hakim İnqilab Məmmədov qeydə almadığı qayda pozuntusunun davamında “Sabah” qələbə topunu vurmuşdu.
Məhz bu oyun Tovuz camiəsinin ciddi narazılığı ilə nəticələndiyindən, klubun sosial şəbəkə səhifələrində etiraz paylaşımı yer almışdı.
Yəni “Turan Tovuz”la “Sabah” arasında ciddi rəqabətin olması futbol bilicilərinə məlumdur.
Eyni hədəf, fərqli vəziyyət
Yox, söhbət bu gündən gedirsə, Kurban Berdıyevin çalışdırdığı kollektivin mövsümə inamlı başladığını deyə bilərik. “İmişli”, “Neftçi” və “Qəbələ” üzərində əldə olunan qələbələrlə tovuzlular aktivinə 9 xal yazdırıb. Cari mövsümdə yalnız “Qarabağ”a məğlubiyyət qeydə alınıb.
Bu baxımdan “Sabah”dakı vəziyyət yaxşı deyil. “Qarabağ”la ilk turdakı matç təxirə salınıb. “Şamaxı” ilə səfər qələbəsindən sonra “bayquşlar” “İmişli”yə uduzub, “Neftçi”ylə qolsuz bərabərə razılaşıb. Cəmi 4 xal.
Komandaların turnir cədvəlindəki mövqeyi və\ daxildəki ab-hava baxımından bölgə təmsilçisi masazırlılardan bir addım öndədir. Yeri gəlmişkən, “Sabah”da müşahidə olunan zədə epidemiyası da məşqçilər heyətinin əhvalına “soğan doğramaqdadır”.
Berdıyev ikisini yola salıb, növbədə litvalıdır?
Bu oyun həm də iki əcnəbi çalışdırıcının dueli kimi yadda qalacaq. Nəzəriyyə bilicisi kimi tanınan Valdas Dambrauskas Rusiya futbolunda qazandığı uğurlarla ad çıxarmış Kurban Berdıyevlə üz-üzə gələcək.
Keçmiş postsovet ölkələrinin məşqçilərinin fərqli futbol anlayışlarında olması oyuna əlavə rəng qatacaq. Berdıyev nəticəyə hesablanmış praqmatik futbolun aşiqidirsə, Dambrauskas topla oyuna hesablanmış çoxgedişli kombinasiyaları və kreativliyin tərəfdarıdır.
“Baba” ləqəbli mütəxəssis cari mövsümdə iki əcnəbi həmkarı ilə dueldən qalib ayrılıb. “İmişli” ilə matçda Jorj Kaştilya, “Qəbələ” ilə görüşdə Kaxaber Tsaxadadze məğlubiyyətə üzülüblər.Bu dəfə litvalı ilə taktiki mübarizəsində hansı nəticənin qeydə alınacağını 90 dəqiqənin tamamı göstərəcək.
Bu gün “Bank Respublika Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 19:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ