AZ

Azərbaycanda “ağ qızıl”ın qara günləri: Nədə uduzuruq?

Azərbaycanın pambıq ixracından gəliri azalıb. Belə ki, bu ilin yanvar-iyul aylarında 108,1 milyon ABŞ dolları dəyərində pambıq ixrac edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz azdır. Təkcə iyulda isə Azərbaycan 9,5 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə bir il əvvələ nisbətən səkkiz faiz azdır. Bəs gəlirlərin azalmasına səbəb nədir? Pambıqçılıq artıq əvvəlki qədər maraq doğurmur?

“Dünya bazarlarında pambıq ucuzlaşıb”

Kənd təsərrüfatı eksperti Cəfər İbrahimlinin sözlərinə görə, Azərbaycanda pambıqçılıq ənənəvi olaraq inkişaf edir: “Digər sahələrlə müqayisədə bu sahəni bilən şəxslər daha çoxdur. Azərbaycanda son illərdə pambıq sahələri ilə bağlı ciddi bir dəyişiklik yoxdur. Müəyyən rayonlar var ki, orada 100 min hektara qədər ərazi əkilir. Ümumi olaraq ildə 300 min ton məhsul istehsal edilir. Əraziləri genişləndirə bilmirik. Çünki pambıq su sevən bitkidir, torpağın imkanları olmalıdır. Pambıqçılıqda istehsal məhsuldarlıq hesabına artırıla bilər. Suvarma sistemini, toxumları inkişaf etdirməklə, torpağımıza və iqlimimizə uyğun toxumlar yetişdirərək məhsuldarlığı artırmaq olar”.

C.İbrahimlinin fikrincə, gəlirin azalmasının səbəbi dünyada pambığın ucuzlaşmasıdır: “Pambığın böyük hissəsini ixrac edirik. Ölkəmizdə emal olunur, mahlıc formasına gətirilir. Daha çox Türkiyəyə satılır. Keçən il pambığın qiyməti son yeddi ilin ən aşağı səviyyəsinə düşüb. Dünya bazarlarında qiymətin düşməsi də ixrac gəlirlərinə təsir edə bilər”.

“Sovet dövründəki istehsala çata bilmirik”

İqtisadçı Rauf Qarayev isə pambıqçılıq üzrə rəqəmlərin dəyişkən olduğunu bildirdi: “Azərbaycanda pambıqçılıq qədim və inkişaf etmiş sahə olsa da, son illərdə istehsal həcmi dəyişkənlik göstərib. Sovet dönəmində pambıq istehsalı bir milyon ton təşkil etsə də, 2010-cu illərdə azalma müşahidə olunmuşdu. Sonrakı illərdə isə əkin sahələrinin genişlənməsi, məhsuldarlığın artması və istehsalın xeyli yüksəlməsi ilə pambıqçılığın bərpası istiqamətində işlər görülüb. 1981-ci ildə Azərbaycanda pambıq tədarükü bir milyon tona çatmışdı. 2015-ci ildə əkin sahələri azaldı və yalnız 18 min hektar əkilərək 35 min ton məhsul götürüldü. 2016-cı ildə 51 min hektar əkinlə 89 min ton, 2017-ci ildə isə 136 min hektar əkinlə 207 min ton pambıq istehsal olundu. 2019-cu ildə əkin sahələri azalsa da, məhsuldarlıq ciddi şəkildə artdı və 100 min hektar əkindən 294 min ton məhsul götürüldü. 2020-ci il 337 min ton, 2021-ci il 287 min ton, 2022-ci il 322 min ton, 2023-cü il 276 min ton istehsal olub. Göründüyü kimi, rəqəmlər gah azalır, gah da çoxalır”.

Seçilən
46
9
publika.az

10Mənbələr