AZ

Adnan Əhmədzadə DTX-də sorğu-sual altında: Hansı sirlər açılacaq?

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini  Adnan Əhmədzadə Bakıda həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan ibtidai istintaqın ilkin mərhələsində A.Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsində “xüsusilə ağır cinayətlər” kateqoriyasına daxildir. Təkcə “xüsusilə külli miqdarda mənimsəmə” ittihamı 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Vəzifə səlahiyyətlərindən sui-istifadə və iqtisadi təhlükəsizliyə qarşı təxribat isə bu cəzanı daha da sərtləşdirə bilər. Həmçinin istintaqın gedişində əlavə epizodların da ortaya çıxa biləcəyi istisna edilmir.

Məsələ dövlətin qanunla qorunan mənafelərinə toxunduğundan bu kimi hallara qarşı sərt mövqe nümayiş etdirilir. Əvvəl də qeyd olunduğu kimi bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir.

Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur. 

Görünür ki, Adnan Əhmədzadə hazırda DTX-nin təcridxanasında sorğu-sual edilir. İstintaq orqanı onun maliyyə əməliyyatları, əməkdaşlıq etdiyi şəxslər və hadisənin başvermə mexanizmi barədə verəcəyi məlumatları diqqətlə təhlil edəcək.  Azərbaycanla yanaşı xaricdə də geniş biznesə sahiblənmiş Əhmədzadənin ifadələri və təqdim edəcəyi sübutlar cinayətin bütün detalları ilə üzə çıxarılmasına və işin hərtərəfli araşdırılmasına mühüm təsir göstərəcək.

Məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq istintaqın gedişatını diqqətdə saxlayırıq.

Xatırladaq ki, bu hadisənin kökündə iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkar olunmasının dayandığı ehtimal edilir. Zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.

Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.

Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

"Cebheinfo.az" 

Seçilən
23
11
cebheinfo.az

10Mənbələr