AZ

Azərbaycanda da süni intellektlə bağlı nazirlik yaradıla bilər - Deputatlar

Süni intellekt artıq bu günün əsas trendidir. Bütün sahələrdə istifadə olunur. Eləcə də bəzi ölkələrdə bununla bağlı nazirlik və dövlət qurumları yaradılıb və ya yaradılaması planlaşdırılır. 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2020-ci ildə Süni İntellekt, Rəqəmsal İqtisadiyyat və Uzaqdan İş Tətbiqləri üzrə dövlət naziri postu yaradıb. 

Səudiyyə Ərəbistanında isə Saudi Data & Artificial Intelligence Authority (SDAIA) adlı xüsusi dövlət qurumu fəaliyyət göstərir və ölkənin AI siyasətinə rəhbərlik edir. 

İspaniyada Rəqəmsal Transformasiya və Dövlət Xidməti Nazirliyi var. Onun tərkibində Rəqəmsallaşma və Süni İntellekt üzrə katiblik fəaliyyət göstərir. 

Qazaxıstanda da Prezident Kasım-Jomart Tokayev Süni İntellekt Nazirliyi yaradılması təşəbbüsü ilə çıxış edib. Hazırda Süni intellekt və Rabitə Nazirliyinin yaradılması istiqamətində işlər aparılır.

Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki,Prezident tərəfindən süni intellekt strategiyası ilə bağlı sərəncam imzalanıb:

"Süni intellekt hazırda bütün dünyada çox geniş yayılmış və aktual trendlərdən biridir. Bir çox ölkələrdə süni intellektin tətbiqi ilə bağlı məqsədyönlü işlər görülür. Azərbaycanda da bu sahədə cənab Prezidentin nəzarəti altında işlər aparılır. Bu ilin martında 2025-2028-ci illər üzrə Azərbaycan Respublikasında süni intellekt strategiyası ilə bağlı sərəncam imzalanıb. Sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinə, müvafiq dövlət qurumlarına tapşırıqlar verilib. Sərəncamın icrası ilə bağlı Baş nazirin də qərarı var. Artıq müəyyən işlər aparılır. Bu işlərdə əsas məqsəd süni intellektin Azərbaycan iqtisadiyyatında tətbiq olunması, idarəçilikdə, xidmət və istehsalat sahəsində süni intellektin daha uğurlu fəaliyyət göstərməsi, ölkənin iqtisadi potensialının və əhalinin sosial rifahının artırılmasında süni intellektin imkanlarından geniş istifadə olunması nəzərdə tutulub. Çin, Yaponiya, Sinqapur, Türkiyə, ABŞ və Kanadanın təcrübəsi öyrənilib və tətbiq olunur".

Komitə sədri vurğulayıb ki, strategiyanın icrası zamanı nəzərə alınacaq bir çox aspektlər var:

"Birinci növbədə lazımi maddi-texniki bazanın yaradılması, kadr potensialının olması və müvafiq kadrların hazırlanması, yaxud da başqa ölkədən təcrübəli mütəxəssislərin dəvət olunmasına ehtiyac var. Bir çox sahələrdə-sosial təminat, səhiyyə, xidmət və istehsalat sektoru, xüsusilə elektron hökumət çərçivəsində süni intellektin imkanlarından geniş istifadə olunacaq. Süni intellektin də yaratdığı müəyyən problemlər var. Süni intellekt və elektron texnologiyanın tətbiqi nəticəsində bir çox iş yerləri bağlanır, beləliklə işsizlik yarana bilər. İnsanların daha hansı sahələrdə çalışa biləcəyi ilə bağlı düşünmək, hazrlıq işləri görmək, yeni iş yerləri açmaq dövlətin qarşısında prioritet olaraq durur. Eyni zamanda etik məsələlər, müxtəlif sirlərin qarşısının alınması, süni intellektin tətbiqi zamanı insanların ondan əziyyət çəkməməsi barədə düşünmək lazımdır. Eyni zamanda süni intellektin düzgün tətbiq edilməməsi nəticəsində bəzən bütövlükdə sistemlərin işi dayana və çökə bilər. İstehsalatda da, xidmət sahəsində də, xüsusilə də idarəçilik sahəsində ciddi problemlər oratya çıxa bilər.  Bununla əlaqədar Nazirlər Kabineti, əlaqəli nazirliklərimiz məşğuldurlar. Amma Azərbaycanda hələlik süni intellektlə bağlı ayrıca nazirlik və ya dövlət komitəsinin yardılması nəzərdə tutulmayıb. Əgər gələcəkdə strategiyanın daha geniş tətbiqi nəticəsində belə bir zərurət yaranarsa, ona da əlbəttə, hökumətimiz baxa bilər".

Deputat Kamran Bayramov isə söyləyib ki, Azərbaycanda da süni intellektin müxtəlif sahələrdə istifadə edilməsi mümkündür:

"Hazırda informasiya-kommunikasiya texnologiyaları o qədər inkişaf edib ki, ümumiyyətlə, süni intellekt texnologiyalarının həyatımıza inteqrasiyası baş verir. Artıq bir çox sahələrdə də onun imkanlarından geniş istifadə olunur. Düşünürəm ki, Azərbaycanda da süni intellektin müxtəlif dövlət idarəetmə, ictimai həyatın müxtəlif sahələrində istifadəsi mümkündür".

Deputat qeyd edib ki, ölkəmizdə süni intellektlə bağlı dövlət qurumunun yaradılmasının bu günün və ya sabahın işi deyil:

"Bu, 1 ayın və ya 1 ilin məsələsi deyil. Sadəcə olaraq, təhlillər aparılmalı, süni intellektin bizim həyatımızda, dövlət idarəetməsində tətbiqi məsələsi nəzərdən keçirilə bilər. Düşünmürəm ki, bu gün belə bir nazirliyin və ya dövlət qurumunun yaradılması gündəmdədir. Amma hər halda prespektivli sahədir və geniş imkanları ola bilər. Süni intellektlə yanaşı, insan faktoru var ki, bunu da nəzərə almaq lazımdır. Amma hər halda dünyada bu qlobal trendə qoşulan ölkələr çoxdur.  Bunun müsbət təcrübəsi yaranarsa və davamlı olarsa, süni intellekt daha geniş şəkildə ölkəmizdə tətbiq oluna bilər".

Seçilən
21
1
modern.az

2Mənbələr