AZ

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olunub — FOTOLAR

Sentyabrın 20-də Xankəndidə Şəhər Günü çərçivəsində Qarabağ Universitetində İncəsənət fakültəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub. 

Səhnə əsərinin quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. 

Tamaşada rolları Əməkdar artistlər Nərgiz  Kərimova (Gülçöhrə), Nahidə Orucova (Cahan xala), Əkbər Əlizadə (Süleyman bəy), Əzizağa Əzizov (Soltan bəy), eləcə də Səmədzadə Xasiyev (Əsgər), Mehriban Zalıyeva (Asya), Ülviyyə Əliyeva  (Telli) və Elxan İsmayılov (Vəli) oynayıblar.

Səhnə əsərini mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, universitetin professor-müəllim və tələbə heyəti izləyib.

Üzeyir Hacıbəylinin dünyaşöhrətli operettası tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Bəstəkarın 1913-cü ildə yazdığı “Arşın mal alan” operettası Azərbaycan musiqili teatrının şah əsərlərindən hesab olunur. Əsərin mərkəzində Əsgər və Gülçöhrənin səmimi məhəbbət hekayəsi dayanır. Operetta XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində mövcud olan köhnəlmiş adət-ənənələrə qarşı yeni düşüncənin, azadlıq və sevgi uğrunda mübarizənin bədii ifadəsidir.

Zəngin musiqisi, yaddaqalan obrazları və məzmununun universallığı sayəsində “Arşın mal alan” əsəri yarandığı gündən indiyədək dəfələrlə müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulub. 

"Arşın mal alan"ın Üzeyir bəyin yubiley ilində onun doğma eli Qarabağda nümayiş olunması böyük musiqi xadiminin əziz xatirəsinə ehtiramın ifadəsidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il dahi bəstəkarın anadan olmasının 140 illiyi müxtəlif səpkili tədbirlərlə geniş qeyd edilir. Eyni zamanda bu yubiley Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı ilə də əlamətdardır.

Seçilən
18
2
demokrat.az

3Mənbələr