AZ

Adnan Əhmədzadənin həbsində Rusiya izi: yeni həbslər gözlənir

Dünən gecədən ölkə Adnan Əhmədzadənin həbsi xəbəri ilə silkələnir. Onun saxlanması barədə məlumatı bir neçə yerli sayt Ukrayna mediasına istinadla yaymışdı. “Parlament.ua” və fttc.com.ua neft oliqarxı kimi tanınan A.Əhmədzadənin həbs xəbərini ilk yayan resurslar oldu. Bunun özü də diqqətçəkən faktdır…

A.Əhmədzadə haqda Səbail Məhkəməsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ağır maddələrlə mühakimə olunur. İşin istintaqını Dövlət Təhlükəsizlik Xidməti (DTX) aparır. Bu faktın özü məsələnin nə qədər ciddi olduğunu ortaya qoyur.

Yayılan məlumatlara görə, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur. Bu, Azərbaycanın neft sənayesinin nüfuzuna və bazarın şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Bu işi A.Əhmədzadənin təkbaşına görmədiyi məlumdur. Bakının Sanqaçal qəsəbəsindən Türkiyənin Ceyhan limanına qədər uzanan min kilometrlərlə boru xəttinin içinə yüklənən neftin içinə zərərli maddənin qatılması bir nəfərin görə biləcəyi iş deyil. Bu cür işlər mütəşəkkil dəstə tərəfindən icra olunur. Ona görə də Adnanın həbsi işin görünən tərəfidir. Yəqin ki, proses yalnız onun saxlanması ilə yekunlaşmayacaq, başqa sürpriz həbslərin də olacağı istisna deyil.

Artıq bunun anonsu verilib. Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev Facebook hesabında maraqlı paylaşım edib. Jurnalist yazıb:

“Adnan Əhmədzadə həbs edildi. İşin təfərrüatlarını araşdırıram. İlkin qənaətim elədir ki, daha böyük məsuliyyət SOCAR rəhbərliyinin üzərinə düşür. Ən azı, SOCAR-da texniki nəzarətə məsul şəxslər də həbs edilməlidir… Proses Senergy şirkəti ətrafında cərəyan edir. Keyfiyyətsiz məhsulu alıb Sanqaçal terminalından ötürən axı SOCAR-dı!.. Araşdırmanın nəticələri ilə haqqin.az-ın oxucuları ilə paylaşacam!”.

Yeri gəlmişkən, haqqın az saytı ötən həftə “SOCAR Romania”nın rumın bazarındakı əsas enerji şirkətlərindən birinin baş direktoru Ramil Əsədullazadə barədə səs-küylü qalmaqal haqda yazmışdı. Rumıniyanın “Cancan” nəşrinin məlumatı əsasında hazırlanan yazıda bildirilirdi ki, Ramil Əsədullazadə həmin şirkətin kadrlarla iş üzrə direktoru Bibiana Konstantinlə gizli münasibətdədir. Onların birgə fotoları da yayılmışdı.

Adnan Əhmədzadənin həbsi ilə bağlı yayılan məlumatda Rusiya amili xüsusi diqqət çəkir. Xəbərdəki həmin hissədə vurğulanır ki, Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı -Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib edib. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizlənib, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirilib.

Sonrakı abzasda isə bu əməliyyatın arxasında Rusiyanın olduğu açıq şəkildə qeyd edilir:

“Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib”.

Yayılan məlumatda o da bildirilir ki, dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub:

“Qeyd edək ki, zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub”.

Məlumat rəsmi təsdiqini tapsa, prosesdə əli olan şəxslərin dövlətə xəyanət maddəsinin təsiri altına düşəcəklərinə şübhə yoxdur. Bir daha vurğulayırıq ki, belə miqyaslı əməliyyatı Adnan Əhmədzadə təkbaşına icra edə bilməzdi. Burda mütəşəkkil dəstənin izləri aşkar görünür.

2015-ci ildə buna oxşar hadisə yaşanmışdı. Azərbaycan Beynəlxalq Bankının (ABB) milyardlarla vəsaiti oğurlanaraq ayrı-ayrı oliqarxlar tərəfindən mənimsənilmişdi. Dövlətin 51 faizlə nəzarət etdiyi bu nüfuzlu bank demək olar soyulmuşdu. Aylarla davam edən araşdırmaların yekununda ABB-nin rəhbəri Cahangir Hacıyev həbs edildi. Hazırda cəzaçəkmə məntəqəsində ən ağır şərtlər altında azadlığa çıxacağı günü gözləyir.

Adnan Əhmədzadənin yol verdiyi əməl bundan da ağırdır. Çünki söhbət yalnız maddi itkidən getmir. Burda əsas məsələ Azərbaycan dövlətinin beynəlxalq miqyasda nüfuzunun zədələnməsi, enerji strategiyasına vurulan zərbədir.

Adnan Əhmədzadənin həbsinin 20 sentyabra təsadüf edilməsi iki aspektdən diqqət çəkir.

Birincisi, bu tarix Azərbaycanda Neftçilər Günüdür. 1994-cü il də Azərbaycan “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft kontraktlarını imzalayıb. Bununla da Qərblə siyasi və ticari əlaqələrin təməli qoyulub. Bu addım həm də Azərbaycanı Rusiya təsirindən çıxarmağa hesablanmış müdrik qərar idi.

İkincisi, 20 sentyabr artıq iki ildir Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatı keçirərək erməni separatizminin kökünü kəsdi. Bununla da ölkəmizin suverenliyi tam bərpa edildi, İşğaldakı torpaqlar azad olundu.

Azərbaycanın dövlət suverenliyi kimi enerji təhlükəsizliyi də toxunulmazdır./Globalinfo.az

Seçilən
27
35
turkustan.az

10Mənbələr