AZ

Deputat: Suverenliyimiz milli sərvətimizdir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizələr xüsusi yer tutur. Bu mübarizənin zirvələrindən biri də iki il əvvəl - 2023-cü il sentyabrın 20-də əldə olunan Qələbədir. Həmin gün Azərbaycan Ordusu uğurlu antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində dövlət suverenliyini tam bərpa etdi, Azərbaycanın üçrəngli Bayrağı Vətənimizin bütün ərazilərində dalğalandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva səsləndirib.

O bildirib ki, 1990-cı illərin əvvəllərindən etibarən işğal edilən doğma Qarabağ torpaqlarında ötən müddət ərzində separatçı rejim formalaşdırılmışdı, qanunsuz silahlı birləşmələr fəaliyyət göstərirdi. Azərbaycan xalqı isə uzun illər doğma yurdlarından didərgin düşərək, ədalət və azadlıq arzusu ilə yaşayırdı. “2020-ci ilin 44 günlük Vətən müharibəsində böyük Zəfər qazanılsa da, bölgədə təəssüflər olsun ki, separatizmin qalıqları qalmaqda idi. 2023-cü il sentyabr ayında həyata keçirilən antiterror əməliyyatı bu tarixi ədalətsizliyə tamamilə və birdəfəlik son qoydu. 2023-cü il sentyabrın 20-də ərazi bütövlüyünü bərpa edən Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam nəzarəti təmin etdi. Separatizmin ləğvi ilə Qarabağda qurulmuş qondarma rejim süqut edərək birdəfəlik tarixə qovuşdu. Azərbaycan xalqı milli həmrəyliyin təntənəsi olan bu Qələbəni milli birliyin, dövlətin gücünün və ordunun qəhrəmanlığının simvolu kimi yaşadı”, - deyə o vurğulayıb.

Deputat qeyd edib ki, həmin gün Azərbaycan dövlətinin müstəqilliyi möhkəmləndi, suverenliyi elan edildi. Suverenliyin elanı ilə dövlət idarəçiliyi ölkənin bütün ərazilərində bərpa olundu, Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmləndi: “Bölgədə silahlı qarşıdurma dövrü başa çatdı, Prezident İlham Əliyevin təbirincə desək, tarixin arxivinə göndərildi. Qarabağın işğaldan azad edilən ərazilərində Zəfərdən dərhal sonra başladılan nəhəng quruculuq prosesi Xankəndi, Xocalı, Xocavənd, Ağdərəni də əhatə etdi. Quruculuq işləri Azərbaycanın müstəqilliyinin elanından sonra ilk dəfə bütün suveren torpaqlarında böyük bir əzmlə davam etdirildi”.

Jalə Əliyeva deyib ki, Dövlət Suverenliyi Günü yalnız bir Qələbə tarixi deyil, həm də gələcək nəsillər üçün dərsdir. “Bu gün göstərdi ki, xalq və dövlət bir olduqda heç bir güc Azərbaycanın qarşısında dura bilməz. Artıq Qarabağda yeni həyat – bərpa, quruculuq, böyük qayıdış və sülh dövrü başlayıb. Dövlət Suverenliyi Günü kimi milli qürur və dövlətçilik rəmzinə çevrilən 20 sentyabr 2023-cü il tarixi Azərbaycan tarixində əbədi qalacaq. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncamında qeyd edildiyi kimi, Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”, - deyə deputat əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
azertag.az

2Mənbələr